Azərbaycan Kubokunun qalibi

9 illik Kubok həsrəti sona çatdı

Bu mövsüm “Neftçi”nin kubok uğrunda mübarizəsi çempionatda olduğu kimi uğurlu alındı. İlk mərhələdən (1/16) azad olan flaqman 1/8 finalda Gəncənin “Tərəqqi” klubunun qapısından 5 cavabsız top keçirdi.

Lakin “Simurq”la 1/4 final oyunları asan olmadı. Zaqataladakı ilk görüşdə hesab açılmadı. Bakıdakı cavab matçının əsas vaxtında da qapılara qol vurulmadığı üçün əlavə iki hissə təyin edildi. Məhz əlavə hissədə Flavinyonun vurduğu qol komandamızı yarımfinala daşıdı.

                         

Bu mərhələdəki oyunlar da çətin keçdi. “Qarabağ”la evdə baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gələn “Neftçi” cavab qarşılaşmasında 2:2 hesablı heç-heçə ilə adını finala yazdırdı.

                            

Mayın 28-i Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”la keçirilən həlledici görüşün əsas və əlavə vaxtında hesab açılmadı. Buna görə də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına müraciət edildi. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (5:3) “Neftçi” kuboku baş üzərinə qaldıraraq, 9 illik fasilədən sonra 1-ci, tarixində isə 3-cü dəfə “qızıl dubl” etdi.