Azərbaycan Kubokunun qalibi
Penalti vuruşlarından gələn kubok
Püşk kubokda “Neftçi”yə mübarizəyə qoşulduğu ilk mərhələdəcə (1/8 final) “Qarabağ”ı rəqib elədi. “İnşaatçı” stadionunda qapılara qol vurulmasa da, mərkəzi arenada baş tutan cavab matçının ikinci hissəsindəki qollar (2:0) komandamızı 1/4 finala daşıdı.
Bu mərhələdə rəqib olan “Bakılı” ilk oyunda böyük hesabla (0:4) məğlub olduğu üçün cavab matçına gəlmədi. Yarımfinalda “Turan”ın da işini birinci oyunda həll edən (3:0, 0:1) komandamızı finalda “Şəmkir”lə çətin görüş gözləyirdi.
Final darıxdırıcı keçdi və ehtiyatla oynayan tərəflər əsasən qapının toxunulmazlığını qorumağa çalışdılar. Əsas və əlavə vaxtda qol olmadığı üçün qalibi penalti seriyası müəyyənləşdirdi. Bu seriyada qapıçımız Cahangir Həsənzadənin Mehman Yunusovun zərbəsini dəf etməsi kuboku üçüncü dəfə qazanmağımızla nəticələndi.