Azərbaycan Kubokunun qalibi
Ardıcıl ikinci "qızıl dubl" kuboku
Mübarizəyə 1/8 finaldan qoşulan “Neftçi”nin ilk rəqibi “Kəpəz” oldu. Gəncə təmsilçisi ilə görüşdə vurulan yeganə qol komandamızın növbəti mərhələyə adlaması üçün kifayət etdi.
1/4 finaldakı rəqib “İnter”lə səfərdə baş tutan ilk oyundakı 1:1 hesablı nəticə cavab matçı üçün ümidverici idi. Ev oyununda qapılara qol vurulmadığı üçün məhz səfər qolu sayəsində yarımfinala “Neftçi” yüksəldi. Bu mərhələdə “Rəvan”ı iki oyunun nəticəsinə görə məğlub edən (1:1, 3:1) komandamız finala vəsiqə qazandı.
Mayın 28-i Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ” ilə keçirilən həlledici görüşün ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra komandamız hesab açdı: Samir Məsimov fərqləndi. Bununla belə, təslim olmayan “Qəbələ” Marat İzmaylovun qolu ilə istəyinə çatdı – 1:1. Bundan sonra əsas və əlavə vaxtda daha qol vurulmadı və kubokun sahibini müəyyən etmək üçün penalti seriyası baş tutdu. Erik Ramos, Flavinyo və Bruno Bertuççinin dəqiq zərbələri, eləcə də qapıçı Saşa Stamenkoviçin inamlı oyunu sayəsində penaltilərdə 3:2 hesabı ilə qalib gələn “Neftçi” tarixində 6-cı dəfə Azərbaycan kubokunun qalibi oldu.