Azərbaycan Kubokunun qalibi
İlk qızıl dubl
“Neftçi” bu mövsüm çempionatda olduğu kimi, kubokda da möhtəşəm mübarzə apardı. İlk iki mərhələdə bakılılar çətinlik çəkmədən Qazax “OİK Göyəzən”ini (1:1, +:-) və Ağdaş “Şirvan-Orxan”ını (3:0, +:-) mübarizədən kənarlaşdırdılar.
“Neftçi” ilk məğlubiyyəti 1/4 finalda “Kəpəz”dən aldı – 0:1. Cavab görüşünün əlavə vaxtında Rasim Abuşovun qolu (onadək Yaşar Vahabzadə hesabı açmışdı) komandamızı yarımfinala çıxardı. Bu mərhələdə “Bakı fəhləsi” ilə keçirilən görüşlər gərginliyi ilə bərabər qalmaqalla da yadda qaldı. Nominal ev sahibi olan “Neftçi” doğma divarlar arasındakı ilk matçda heç-heçə oynadı – 1:1. Hər iki tərəf cavab görüşünə daha səylə hazırlaşmışdı. Bununla belə, “Neftçi” fasiləyə qədər iki dəfə topu rəqib qapısından keçirə bildi. Məhz ikinci qol böyük mübahisəyə səbəb oldu. “Bakı fəhləsi” oyunun ikinci hissəsini davam etdirməkdən imtina etdi və “Neftçi” finala çıxdı.
Burada komanda Ağdam “Qarabağ”ını böyük hesabla (3:0) məğlub etməklə ikinci dəfə ardıcıl kuboka yiyələndi və tarixində ilk dəfə “qızıl dubl”a imza atdı.