Azərbaycan çempionatının qalibi

6 illik həsrətdən sonra 6-cı çempionluq

Qarşısına ciddi məqsədlər qoyan “Neftçi” heyətini gücləndirdi. Emil Mpenza, İqor Mitreski, Slavço Georgievski, Bahodir Nasimov, Flavinyo, Denis Silva Kruz, Alessandro Viana da Silva kimi legioner futbolçular heyətə cəlb olundular.

Flaqmanın mövsümə hazırlığı AvstriyaTürkiyədə təşkil olundu. Təlim-məşq toplanışı çərçivəsində Avstriyada İstanbul nəhəngi “Beşiktaş” (1:1), həmçinin, Rumıniyanın “Otselul” (0:3)“Universitatea Kluj” (0:1) klubları ilə yoxlama oyunu keçirən “ağ-qaralar” qardaş Türkiyədə yerli “Orduspor” (4:0), “Kardemir Karbükspor” (1:0) və “Qaziantep Büyükşehir Bələdiyyəspor”la (1:2) qarşılaşdı.

                     

“Neftçi” çempionata doğma meydanda “Qarabağ”la heç-heçə etməklə başladı. Buna baxmayaraq, 2-si böyük hesabla olmaqla ardıcıl 5 qələbə flaqmanı zirvəyə daşıdı. Dövrələrarası fasiləyədək 19 oyundan 41 xal toplamaqla qış çempionu olan komandamız 22 turdan sonra təsnifat mərhələsini uğurla başa vuraraq mübarizəni ilk “altılıq”da davam etdirdi.

                        

Çempionluq üçün 7 oyun kifayət etdi. “Bakı” (1:0, 2:0), “Qarabağ” (2:0), AZAL (2:1) üzərində qələbələr, “Xəzər Lənkəran” (1:1) və “İnter”lə (1:1) heç-heçələrdən sonra mayın 1-də AZAL-ı 3:1 hesabı ilə məğlub edən baş məşqçi Arif Əsədovun yetirmələri sona 3 tur qalmış ən yaxın rəqibini 10 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirdi. Bu, flaqmanın 6-cı çempionluğu idi.