Azərbaycan çempionatının qalibi
Ardıcıl çempionluq
Komanda qısa fasilədən sonra yenidən bir araya gəldi. Buna səbəb çempion kimi respublikamızı UEFA kubokunda təmsil etməsi idi. O dövrdə Avropa futbol təşkilatı ölkəmizin çempionunu yalnız UEFA kubokuna buraxırdı. Məşqçilər korpusu bu məsuliyyəti dərk edir, növbəti mövsümə səylə hazırlaşırdı.
Lakin təəssüf ki, turnir ərəfəsində təcrübəyə malik heyəti qoruyub saxlamaq mümkün olmadı. Bəzi oyunçular komandanı tərk etmək arzusunda olduqlarını bildirdilər. Vyaçeslav Lıçkinlə Vladimir Tuayev Rusiyaya üz tutdular. Mais Əzimov, Mehman Yunusov, Vüqar İsmayılov, Rauf Salamov və Rauf Mehdiyev isə digər klublara keçdilər. «Neftçi»ni tərk etmək istəyənlər arasında Yunis Hüseynov da var idi. Lakin təcrübəli kapitan sonda fikrini dəyişərək komandada qaldı. İtkilərə baxmayaraq, komanda təcrübəli futbolçuları da heyətinə cəlb edə bildi. Azad Mütəllimov, Ceyhun Tanrıverdiyev, Ədəhim Niftəliyev, Mahmud, Musa və Qurban Qurbanovlar komandaya qatıldılar. «Neftçi»də yeganə qapıçı qalan Elxan Həsənova əvəzedici kimi Xaliq Qafarov gətirildi. Məşqçilər korpusunda isə heç bir dəyişiklik olmadı. Yenə də komandaya yığmanın da baş məşqçisi olan Kazbek Tuayev başçılıq edirdi. Lakin rəsmi sənədlərdə bu vəzifə Asif Əliyev tərəfindən icra olunurdu.
Bütün kadr dəyişikliklərinə baxmayaraq, «Neftçi» Avropa turnirinə səylə hazırlaşırdı. Hətta icarə əsasında digər futbolçular da komandaya cəlb edildilər. «Neftçi» sanki mini-yığma təsiri bağışlayırdı. Düzdür, heyətdə güclü futbolçular olsa da, onların birlikdə oynamaq təcrübəsinin az olduğu hiss olunurdu. Mövsüm öncəsi respublikanın müxtəlif komandaları ilə keçirdikləri yoldaşlıq görüşlərində bunu sezmək olurdu.
AFFA daxili çempionatda yenidən dəyişiklik etdi. Çempionat sınaqdan çıxmış dairəvi sistemlə iki dövrədən ibarət keçirildi. Bundan başqa, futbol aləmində analoqu olmayan daha bir qərar çıxarıldı. AFFA ölkə çempionunu təyin etmək üçün təkcə əsas komandaların yığdığı xalları əsas götürmədi. Uşaq futbolunun inkişafına təkan vermək və klubları bu işə məcbur etmək üçün paralel olaraq iki yaş qrupunda yeniyetmə komandaların da çempionatı keçirildi. Məhz hər iki yaş qrupunda yığılan xalların cəmi iki yerə bölünərək əsas komandanın göstəricisinə əlavə olunacaqdı. Bu göstəriciyə görə daha çox xal toplayan komanda çempion sayılacaqdı.
«Neftçi» çempionata çox iddialı başladı. Flaqman ilk doqquz oyunda doqquz qələbə qazandı ki, bunun da altısı böyükhesablı oldu. Qurban Qurbanov və Samir Ələkbərovun timsalında güclü hücum tandemi yaranmışdı. Bu tandem komandanın vurduğu qolların yarıdan çoxuna imza atmışdı. Başda Arif Əsədov olmaqla müdafiə xətti də keçilməz sədd yarada bilmişdi.
«Neftçi» yalnız Qərb təmsilçiləri ilə oyunlarda xal itkisinə məruz qaldı. Buna baxmayaraq, ilk dövrəni turnir cədvəlinin yüksək pilləsində başa vura bildi. İlin sonunda komandanın üzvü Vidadi Rzayev Azərbaycanın ən yaxşı futbolçusu seçildi. Lakin AFFA-nın «səyi» nəticəsində «Neftçi»nin başı üzərində yenidən qara buludlar toplaşdı. Kazbek Tuayev yığmanın baş məşqçisi postundan istefa verdi. Bu, AFFA-da birmənalı qarşılanmadı və Fuad Musayev Tuayevi məşqçilik lisenziyasından məhrum etdi.
Dövrələrarası fasilədə komanda yenidən kadr dəyişikliyinə məruz qaldı. Ədəhim Niftəliyev və Azad Mütəllimov kimi futbolçular komandanı tərk etdilər. Əvəzində, Elnur Qəmbərovla U-18-də oynayan Ramil Həbibov heyətə cəlb edildi. Bundan başqa, Musa Qurbanov komandaya qayıtmaqla hücum xəttini bir qədər də gücləndirdi. Musa çempionatın əvvəlində iki oyunda «ağ-qara» formada çıxış etmişdi. Lakin «Neftçi» ilə «Kür-Nur» transfer məsələsində razılaşmadıqlarına görə Musa yenidən Mingəçevirə qayıtmalı olmuşdu.
«Neftçi» fasilədən sonra da uğurlu çıxışını davam etdirirdi. İlk turlardan son tura qədər komanda cədvəldəki 1-ci yeri əldən vermədi. İlk dövrədən sonra məlum oldu ki, dörd komanda - «Neftçi», «Qarabağ», «Xəzri» və «Turan» qızıl medallara əsas namizəddir. İkinci dövrədə «Neftçi» bu komandalardan yalnız «Qarabağ»a məğlub olmuş, digər iki komandadan isə xal qoparmışdı. Heyətdə çıxış edən oyunçuların say azlığına baxmayaraq, komanda uğurlu tempi axıra qədər qoruyub saxlaya bilmişdi. Çempionatın ağırlığının əsas heyətin on iki üzvünün çiyinlərinə düşməsinə baxmayaraq, onlar büdrəməyib əsas komandaların yarışında finişə birinci çatdılar. Sona qədər çempionu izləyən «Qarabağ» mövsümü ikinci pillədə başa vurdu. Qurban Qurbanov isə rəqib qapıçılarını 34 dəfə məyus etməklə 6-cı çempionatın ən sərrast futbolçusu oldu. Komanda bütün xətlərdə əla oyun göstərirdi. Hücum xətti isə daha məhsuldar oynayırdı. «Neftçi» rəqib qapılarından 98 top keçirmişdi. İlk çempionatda vurduğu 104 topdan sonra bu, komandanın ən yüksək göstəricisi idi.