Azərbaycan çempionatının qalibi
8 il sonra qazanılan 9-cu çempionluq
2018/2019 və 2019/2020 mövsümlərində gümüş medallarla kifayətlənən “Neftçi” yenə də çempionluğu hədəfə aldı. Sabir Buqrin, Yusuf Laval, Rener Alves De Souza, Prins İbara, Bruno Teluşi kimi legionerlərdən başqa, U-21 milli komandamızın üzvü Mert Çelik və Cabir Əmirli transfer olundular. Pandemiya səbəbindən flaqmanın mövsümə hazırlığı ölkə xaricində deyil, Bakı və Qəbələdə təşkil edildi.
“Neftçi” çempionata uğurlu başlamadı. 9-cu turda “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra isə baş məşqçi Füzuli Məmmədov istefa verdi. Onu bu postda Samir Abasov əvəzlədi. Abasov əvvəlcə birvaxtlar birgə çalışdığı köməkçilərini – Seymur Rəhimovla Vəfadar Quliyevi, yanvarda isə ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Eduardo Karonu dəvət etdi. Komanda yeni baş məşqçinin rəhbərliyi altında 4 oyundan 3-də qələbə qazanıb (1 heç-heçə), bir oyun az keçirmiş “Qarabağ”ı 1 xal geridə qoyaraq qış fasiləsinə lider kimi yollandı.
Qış fasiləsində Bakıda – “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçən “Neftçi” fevralda türk əsilli bolqarıstanlı hücumçu Ahmed Ahmedov, martda isə dünyaca məşhur yaponiyalı yarımmüdafiəçi Keysuke Honda ilə heyətini bir az da gücləndirdi. Çempionatın qalan hissəsinin 14 turunda 10 qələbə qazanan (2 heç-heçə, 2 məğlubiyyət) flaqman sona bir tur qalmış lider “Qarabağ”la xal fərqini 1-ə endirdi. Nəticədə, bu komandalar arasında mayın 19-da “Dalğa Arena”da keçirilən son tur matçı çempionluğun taleyini həll etdi. Görüşün 90-cı dəqiqəsində sonradan meydana daxil olan Ahmed Ahmedovun vurduğu qol “Neftçi”yə 8 ildən sonra 9-cu çempionluğu qazandırdı.