Azərbaycan çempionatının qalibi

Ardıcıl növbəti çempionluq

Ötən mövsüm qızıl medallara layiq görülərək 6 illik çempionluq həsrətinə son qoyan “Neftçi” Çempionlar Liqasında uğursuz çıxış etdi. Komanda turnirə qatıldığı ikinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məğlub olaraq (0:3, 0:0) mübarizəni erkən dayandırdı. Nəticədə, baş məşqçi Arif Əsədov istefa verdi. Onun əvəzinə bu vəzifəyə Böyükağa Hacıyev gətirildi. Bununla belə, “ağ-qaralar” heyətini, demək olar, qorudu. Üstəlik, serbiyalı qapıçı Saşa Stamenkoviçi transfer edən flaqman daha da gücləndi.

Mövsümə Türkiyədə və Avstriyada hazırlaşan “Neftçi” çempionatın təsnifat mərhələsini uğurlu keçirdi. Xüsusilə, çempionluq uğrunda mübarizədə əsas rəqiblərdən olan “Xəzər Lənkəran” üzərində 5:0 hesablı qələbə flaqmanın gücündən xəbər verirdi. 22 oyunda 16 qələbə qazanan komandamız 49 xal toplayaraq təsnifat mərhələsini 1-ci pillədə bitirdi.

                    

“Neftçi” final məthələsinə “Qəbələ”yə məğlubiyyətlə başladı. Lakin sonrakı turlarda “İnter” (2:1, 2:1) “Bakı” (2:1) üzərində qələbələr, həmçinin, “Xəzər Lənkəran” (1:1) “Qarabağ”la (0:0) heç-heçələrdən sonra xal sayı 60-a çatdı. Baş məşqçi Böyükağa Hacıyevin yetirmələri aprelin 22-də “Xəzər Lənkəran”la səfər matçından xalsız qayıtsa da (0:1), bir həftə sonra “Qarabağ”ı 2:1 hesablı məğlubiyyətə uğratmaqla sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Bununla da arıdıcıl ikinci dəfə qızıl medallara sahib çıxan flaqman tarixində 7-ci dəfə çempion oldu.