Azərbaycan çempionatının qalibi

12-ci ölkə çempionatının qızıl medalçısı

İki turnirin keçirilməsi ilə oyun praktikasını saxlamağa çalışan klublar başa düşürdülər ki, çempionat olmasa Avropa kuboklarına çıxmaq da mümkün olmayacaq. Beləcə, ikinci il dalbadal Azərbaycan qitə kuboklarsız qaldı. Klublar federasiyanın növbədənkənar konfransının çağırılmasını və yeni seçkilərin keçirilməsini tələb edirdilər. Əks halda onlar çempionata çıxmayacaqdılar.

2003-cü ilin əvvəlindən başlayan danışıqlar, nəhayət nəticə verməyə doğru gedirdi. UEFAFİFA-nın nümayəndələrinin Bakıya səfərləri, onların dövlət nümayəndələri, AFFA və klub təmsilçiləri ilə görüşlərindən sonra razılıq əldə edildi. Klublar çempionata başlamağa, federasiya isə növbədənkənar konfrans çağırıb seçkinin vaxtını müəyyənləşdirməyə razılıq verdi. Beləliklə, mayın 17-də 12-ci ölkə çempionatı start götürdü.

                              

Heyətini Vidadi Rzayev, Hüseyn Məhəmmədovla gücləndirən «Neftçi» ertəsi gün son illərin barışmaz rəqibi «Şəmkir»lə matça yollandı və çempionata məğlubiyyətlə başladı. Ardınca isə uzun məğlubiyyətsiz seriya gəldi. Birinci dövrənin sonunadək flaqman MOİK«Xəzər Universiteti» ilə oyunlarda sensasiya sayıla biləcək heç-heçələr etdi, qalan bütün görüşləri qələbə ilə başa vurdu. Heyətdə xüsusilə Vadim Vasilyev liderlik keyfiyyətləri ilə seçilir və ən çətin anlarda vurduğu qollarla komandanı xilas edirdi. Birinci dövrədən sonra bakılılar turnir cədvəlinin ön sıralarında idilər.

Birinci dövrə ilə ikinci arasında yaranan fasilə yalnız yığma komandanın oyunu və kubok matçlarının keçirilməsi ilə bağlıydı. Çempionat erkən başladığından dekabradək oynamaq, qış aylarında fasiləyə çıxmaq planlaşdırılırdı. İkinci dövrənin ilk turunda «Neftçi» əsas rəqiblərindən olan «Şəmkir»i qəbul etdi. Oyun qonaqların hücumları ilə başladı və artıq 23-cü dəqiqədə onlar hesabı açdılar. Futbolçularımızın bütün cəhdləri nəticəsiz qaldı və ikinci hissənin əvvəlində Badri Kvaratsxeliya ikinci topu qapımızdan keçirdi. Bundan sonra oyunu xilas etmək üçün komandamız bütün qüvvəsi ilə irəli atıldı və ən sadiq oyunçumuz İqor Getman fərqi minimuma endirdi. Sona 15 dəqiqə qalmış isə Aqil Məmmədov hesabı bərabərləşdirdi. Amma komandamız bununla kifayətlənməyərək həmlələrini davam etdirdi. Və iki dəqiqə sonra qonaqlar cərimə meydançasında Vasilyevə qarşı kobud oynadılar. Artıq qələbənin bir addımlığındaykən hakimin təyin etdiyi penaltini Vidadi Rzayev qeyri-dəqiq vurdu. 2003-cü ilin sonunadək çempionatda 21 tur oynanıldı. Komandamız bütün oyunları qələbə ilə başa vuraraq yeni ilə «Qarabağ» və «Şəmkir»lə birlikdə liderlər qrupunda yollandı.

Dekabrın sonunda AFFA-nın hesabat-seçki konfransı keçirildi. Son anda Fuad Musayev namizədliyini geri götürdü və «Neftçi»nin prezidenti Ramiz Mirzəyev federasiyanın yeni rəhbəri seçildi. 2004-cü ilin ilk günlərində o, «Neftçi»nin rəhbərliyindən istefa verdi, klub isə «Azərneftyanacaq» Neft Emalı Zavodunun təsisçiliyinə keçdi. Yanvarın 26-da İdarə Heyətinin iclasında Rövnəq Abdullayev flaqmanın yeni prezidenti təyin olundu. Daim liderliyi qarşısına məqsəd qoyan Abdullayev «Neftçi»ni çempion etmək üçün lazım olan hər şeyi edəcəyini ilk günlərdən nümayiş etdirdi.

Ukraynadan vətənə dönən Mahmud Qurbanov, Cahangir Həsənzadə, Rusiyadan qayıdan Qurban Qurbanov, «Şəfa»dan isə Zaur Tağızadə ilə müqavilə imzalandı. Yeni oyunçularla güclənən «Neftçi» çempionluğa əsas namizədlərdən sayılırdı və bunun üçün ilk növbədə «Qarabağ»a qalib gəlmək lazım idi.

Oyuna azarkeş marağı böyük olduğundan tərəflərin razılığı ilə matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. 15 min tamaşaçının izlədiyi görüşdə hesabı Zaur Tağızadənin ənənəvi cinah keçidindən sonra Qurban Qurbanov açdı. Tezliklə meydan sahibləri cavab qolunu vursa da, daha maraqlı futbol nümayiş etdirən komandamızın növbəti hücumu zamanı müdafiəçi İlham Yadullayev Qurbana qarşı kobud oynadı və zərərçəkən özü penaltini dəqiq yerinə yetirdi. Bundan iki dəqiqə sonra isə oyunun qəhrəmanının ötürməsindən sonra Eltay Aslanov gözəl qol vurdu. Qələbə sayəsində «Neftçi» liderliyi ələ keçirdi.

MOİK-lə matç daha çətin keçdi. Meydan sahibləri var qüvvəsi ilə komandamızdan xal almağa çalışır, bəzənsə bunun üçün kobudluqdan belə çəkinmirdilər. Hətta artıq 7-ci dəqiqədə qapıçı Anar Bayramovun kobudluğu Qurban Qurbanova həyatı bahasına başa gələcəkdi. Dili qatlanan kapitana futbolçuların anında müdaxiləsi onu xilas etdi. Amma kapitanın zədələnməsi də liderliyi əzmlə qoruyub sonda 4-cü çempionluğu qeyd etməyə mane olmadı. Mövsümün finişini əla keçirən komanda ən yaxın rəqibini 5 xal qabaqlayıb ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazandı.