Azərbaycan çempionatının qalibi
-
Ağasəlim Mircavadov
Mövsümə arzuolunmaz start və liderlərdən xeyli aralı düşmək rəhbərliyin səbr kasasını doldurdu. Bu səbəbdən ötən il komandaya çempionluq qazandırmış Kazbek Tuayev istefaya göndərildi və boş qalmış posta sovet dövründə uzun müddət «Neftçi»də çalışmış Ağasəlim Mircavadov təyin edildi. İlk dövrənin ortalarında komandanı çalışdırmağa başlayan təcrübəli mütəxəssisi çempionluğun əsas səbəbkarı hesab etmək olar.
-
Zaur Tağızadə
“Neftçi” tarixinin ən yaxşı sağ cinah yarımmüdafiəçilərindən olan “Qızıl oğlan” bu mövsüm komandanın ən yaxşı, çempionatın isə 7-ci bombardiri olub. Onun rəqib qapılarından keçirdiyi 14 topdan ən yaddaqalanı “Qızıl oyun”da “Xəzər Lənkəran”a vurduğu qələbə qoludur.
-
Qurban Qurbanov
Mövsümün əvvəlində zədədən əziyyət çəksə də, qısa zamanda geri qayıtdı və komandasının uğur qazanması üçün əsl kapitan kimi gəmini arxasınca apardı. Həlledici anlarda fərqlənən hücumçu bu mövsüm 10 qol vurmaqla çempionluqda az pay sahibi olmadı.
-
Georgi Adamiya
Mövsümün əvvəlində edilən transferlər uğursuz olsa da, qış fasiləsinə az qalmış heyətə qatılan gürcü futbolçu adını Azərbaycan futbol tarixinə ən yaxşı legioner futbolçulardan biri kimi yazdırmağı bacardı. Qısa zamanda hər kəsin rəğbətini qazanan Adamiya "Neftçi" forması ilə çıxdığı 17 oyunda 7 dəfə fərqlənməklə çempionluğa öz töhvəsini verdi.
-
Mahmud Qurbanov
Bu mövsüm “Neftçi”nin heyətində ən çox oyun (32) keçirmiş üç futbolçudan biri olan “Professor” gözəl ötürmələri ilə yanaşı, 2 qola da imza atıb.
-
Rəşad Sadıqov
32 oyunda meydana çıxmış Rəşad Sadıqov müdafiədəki etibarlılığı ilə yanaşı, liderlik keyfiyyəti ilə diqqəti cəlb edirdi. O, həm 2004-cü, həm də 2005-ci ilin ən yaxşı futbolçusu seçilib.
-
Ruslan Abbasov
Ruslan da Mahmud və Rəşad kimi ən çox oyun keçirmiş futbolçudur. Amma müdafiəçi daha çox “Qızıl oyun”da dönüş yaradan qola imza atmaqla yadda qaldı.
-
Vidadi Rzayev
38 yaşında “Neftçi”də son mövsümünü keçirən yarımmüdafiəçi meydana çıxdığı 24 oyunda 2 qol vurmağa da imkan tapdı.