Azərbaycan çempionatının qalibi
İkinci Azərbaycan çempionluğu
Ötən çempionatı medalla bitirən «Neftçi» növbəti mövsümə səylə hazırlaşırdı. İlk olaraq Otar Korqalidze komandanı tərk etdi. Çünki baş məşqçinin fəlsəfəsinə görə yaşı ötmüş legionerdənsə gənc yerli istedad daha səmərəli ola bilərdi. Bundan başqa, Mirbağır İsayevlə Əfqan Talıbov da komandadan getdilər. Əvəzində, bir illik İsrail və Mingəçevir səyahətindən sonra Samir Ələkbərov «Neftçi»yə qayıtdı. Vladimir Tuayev də «ağ-qaralar»ın heyətinə qatıldı.
Bir illik fasilədən sonra «Neftçi» ilə AFFA arasında yenidən qarşıdurma başladı. Bu dəfə hədəf Aydın İbrahimov deyil, Rasim Rəfiyev idi. AFFA prezidenti Fuad Musayev mətbuatda onun üzərinə açıq-aşkar hücuma keçmiş, hətta «Qarabağ», «Kür-Nur» və bəzi başqa klub rəhbərlərini ona qarşı çıxarmağa müvəffəq olmuşdu. Hətta Fuad Musayev qaydalara zidd olaraq klubun daxili işinə qarışıb «Neftçi»dən Rəfiyevi çıxarmağı tələb etmiş, əks təqdirdə klubu çempionatdan çıxaracaqları ilə hədələmişdi. Bütün təzyiqlərə baxmayaraq, Rəfiyev komandada qalmış və kluba maliyyə yardımı göstərməyə davam etmişdi.
Hadisələri qabaqlayaraq qeyd edə bilərik ki, AFFA tərəfindən təzyiqə təkcə vitse-prezident deyil, baş məşqçi və oyunçular da məruz qalmışdı. Yığma komandanın sentyabrda Fransaya 0:10 hesablı məğlubiyyətinin səbəblərini də AFFA özündə deyil, məşqçi və oyunçularda axtarırdı. Sentyabrda keçirilən AFFA İcraiyyə komitəsinin iclasında bu bir daha təsdiqini tapdı. Bu iclasda Vaqif Sadıqov güclü tənqidlərə məruz qaldı. Fuad Musayevin dediyinə görə, Sadıqov «klubda gənclərlə düzgün iş apara bilmir, onların istedadını məhv edir». Elə bu səbəbdən də Bəxtiyar Musayevlə Mirbağır İsayev öz futbolçu keyfiyyətlərini ortaya qoya bilmirlər.
İcraiyyə komitəsinin qərarı ilə Sadıqov yığma komandanın məşqçisi vəzifəsindən azad edilmiş və lisenziyası əlindən alınmışdı. Bundan başqa, «Neftçi»yə tövsiyə edilmişdi ki, Sadıqov baş məşqçi vəzifəsindən azad edilsin. Futbolçulardan Bəxtiyar Musayev üç illik diskvalifikasiya edilmiş, Samir Ələkbərov, Yunis Hüseynov, Elxan Həsənov isə şərti olaraq mövsümün sonuna qədər cəzalanmış və yığmadan xaric edilmişdilər.
AFFA V çempionatın keçirilməsində reqlamentdə dəyişiklik etmişdi. Çempionat yenidən iki mərhələli sistemlə keçirildi. Əvvəlcə komandalar iki dövrəlik ilkin mərhələni keçirməli idilər. İkinci mərhələdə isə onlar 1-6 və 7-12-ci yerlər uğrunda mübarizə aparacaqdılar. Özü də komandalar ikinci mərhələyə sıfırdan deyil, qızıl xallarla başlamalı idilər. Bu da komandaların hər bir oyuna əzmlə çıxmasına görə edilmişdi.
Bütün təzyiqlərə rəğmən «Neftçi» çempionata çox inamla başladı. Bakılılar ilk on bir oyunda məğlubiyyət acısı dadmadı, yalnız Tovuzdakı on ikinci görüşdə məğlubiyyətə düçar oldu.
Məhz qış fasiləsində komandada ciddi kadr dəyişiklikləri baş verdi. Vaqif Sadıqov təzyiqlərə davam gətirə bilməyərək vəzifəsindən istefa verdi. Asif Əliyev «Neftçi»yə rəsmi olaraq yeni baş məşqçi təyin edildi. Burada yenidən Azərbaycan futbolunun özünəməxsus qanunları önə keçdi. Asif Əliyev məhz rəsmi olaraq baş məşqçi hesab edilirdi. Əslində isə bu belə deyildi. O vaxt millinin də baş məşqçisi olan Kazbek Tuayev komandaya rəhbərlik edirdi. Asif Əliyev isə Böyükağa Ağayev kimi onun köməkçilərindən biri idi. Baş məşqçidən başqa, bəzi oyunçular da komandanı tərk etdilər. Füzuli və Xaqani Məmmədov qardaşları Rostova üz tutdular. Komandanın hücum xəttinin liderlərindən olan Nazim Əliyev Bakı təmsilçisini «Qarabağ»a dəyişdi. Bəxtiyar Musayev hərbi xidmətə çağırıldığından OİK-in şərəfini qorumalı oldu. Bu oyunçulardan başqa, Əli Abuşov, Qulammirzə Əsədullayev, Kamil Bayramov da komandanı tərk etdilər. Əvəzində, bir neçə güclü oyunçu heyətə cəlb edildi. «Turan»dan İlham Məmmədovla Vidadi Rzayev Bakıya köçməli oldular. Rasim Abuşov da «Qarabağ»dan «Neftçi»yə gəldi. Belə ciddi kadr dəyişikliyinə məruz qalan komanda yenə də öz iddiasından əl çəkmirdi.
Yeni gələn məşqçilər dəstəsi Vaqif Sadıqovun işini davam etdirə bildi. Artıq ikinci mərhələyə keçmək vəzifəsini yerinə yetirən komanda bəzi turnir taktikasına əl atdı. Belə ki, «Neftçi» qızıl xallar gətirən oyunlara daha çox fikir verir, bəzən zəif komandalarla gözlənilməz xal itkisinə məruz qalırdı.
«Neftçi» çempionatın ilkin mərhələsini 5-ci pillədə başa vurdu. Qızıl xalların sayına görə komanda «Kəpəz»dən 2, «Xəzri»dən isə 1 xal geri qalırdı.
AFFA-nın qərarına əsasən, ikinci mərhələnin oyunları medala iddialı komandalar arasında Bakı və Sumqayıt şəhərlərində keçirildi. Bu isə komandaların eyni şəraitdə yarışmaları üçün idi. Final mərhələsinə çıxmış komandalardan yalnız «Kür-Nur» üçün, demək olar ki, çempionat bitmiş hesab edilə bilərdi. Qalan beş komandanın hər birinin qızıl medallara sahib çıxmaq şansı var idi. Bu da çempionatın davamının necə gərgin keçəcəyindən xəbər verirdi. Final oyunlarının başlamasından sonra məlum oldu ki, «Qarabağ» belə gərgin mübarizəyə hazır deyil və ağdamlılar bu mübarizədən kənarda qaldılar. Qalan dörd komanda medalları öz aralarında bölməli idilər.
«Neftçi» ikinci mərhələyə inamla başladı. Bununla belə, komanda ilk zərbəni «Kəpəz»dən aldı. Çox maraqlıdır ki, «Neftçi»nin ikinci mərhələdə məğlub olduğu hər iki oyunda rəqib «Kəpəz» idi. Lakin «ağ-qaralar» digər rəqibləriylə yaxşı oynayaraq bir daha məğlubiyyət acısı dadmadılar. Bunun nəticəsidir ki, sonda «Neftçi»nin futbolçuları qızıl medalları boyunlarından asa bildilər. Bununla da flaqman ikinci çempionluğuna qovuşdu. Çempionatı yüksək səviyyədə keçirən Vidadi Rzayev isə mövsümün ən yaxşı oyunçusu seçildi.