Ağasəlim Mircavadov
-
Oynadığı dönəm:
1967-1970
-
Doğum tarixi:
22.10.1947
-
Mövqeyi:
Mərkəz yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
Ağasəlim Mircavadov 1947-ci il oktyabrın 22-də Bakıda anadan olub. Həmin dövrdəki bir çox uşaqlar kimi bütün günü küçədə top qovan Ağasəlim böyük futbola ilk addımını məktəblər arasında keçirilən turnirdəki oyunların birindən sonra atır. 1960-cı illərin əvvəllərində “Spartak” cəmiyyətinin məşqçisi Konstantin Kuznetsov 4 nəfəri, o cümlədən Mircavadovu komandasına dəvət edir. Bununla da onun “Neftçi”yə yolu açılır. 1965-ci ildə baş məşqçi Vasili Sokolov tərəfindən “ağ-qaralar”a dəvət olunan gənc futbolçu əvvəlcə əvəzedici, sonra isə əsas komandada çıxış etməyə başlayır. 1967-ci il aprelin 7-də isə “Çernemorets”lə oyunda (3:1) “Neftçi”də debüt edir. Lakin elə həmin ilin avqustunda məşqlərin birində ayağından ciddi zədə alması karyerasına böyük zərbə vurur. 1971-ci ilədək “Neftçi”də qalan Mircavadov əsas komandanın heyətindən ümumilikdə 24 oyunda meydana çıxır. Daha sonra 1 il ovaxtkı Kirovabad “Dinamo”sunda oynayan futbolçu karyerasını başa vurmaq məcburiyyətində qalır.
Ağasəlim Mircavadov Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu olandan sonra bir neçə il “Spartak” cəmiyyətində çalışır. 1982-ci ildə Moskvada Ali Məşqçilik Məktəbini bitirəndən sonra isə “Neftçi”də işləməyə başlayır. 1983-1985, 1987-ci illərdə məşqçi, 1987-1988, 1989-cu illərdə isə baş məşqçi vəzifəsini yerinə yetirir. “Neftçi” 1987-ci ildə onun rəhbərliyi altında 9-cu yeri tutaraq, yüksək dəstəyə qayıdandan – 1977-ci ildən sonra ən yaxşı göstəriciyə imza atır.
Mircavadov “Neftçi”yə bir də 2004-cü ildə qayıdır. 2005-ci ildə flaqmanı Azərbaycan çempionu edir. “Ağ-qaralar” onun rəhbərliyi altında elə həmin il yanvarın 19-da “Birlik kuboku”nun 1/4 finalında Ermənistanın “Pünik” klubu üzərində tarixi qələbəyə imza atır. “Neftçi” finalda Moskva “Lokomotiv”inə uduzsa da, 2006-cı ildə də bu turnirin finalına yüksəlir və həlledici görüşdə Litva “Kaunas”ını 4:2 hesabı ilə məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə “Birlik kuboku”nu qazanır.
1994-1995-ci illərdə Azərbaycan milli komandasını çalışdıran Mircavadov “Qarabağ” (1993), “Şəmkir” (2000, 2001) və “Xəzər Lənkəran”la (2007) Azərbaycan çempionatının, “Qarabağ” (1993) və “Xəzər Lənkəran”la (2007, 2008) ölkə kubokunun, “Xəzər Lənkəran”la (2008) isə “Birlik kuboku”nun qalibi olur.
Azarkeşlərin “Mircavadov harada, çempionluq orada” şüarını həsr etdikləri mütəxəssis 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrında isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.