Əhməd Ələsgərov
-
Oynadığı dönəm:
1956-1965
-
Doğum tarixi:
05.10.1935
-
Mövqeyi:
Mərkəz yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
İndiki Bakıxanov qəsəbəsində yaşayan böyük, o qədər də imkanlı olmayan ailənin beş oğlu yetərincə çətin həyat tərzi sürüb. Atasını müharibədə itirmiş uşaqlardan biri - Əhməd Ələsgərov həmin ağır günləri arxada qoymaq üçün hər əziyyətə qatlaşmağa hazır idi. Məhz bu işgüzarlığı, qarşısına qoyduğu məqsədə çatmaq istəyi onu 19 yaşında "Neftçi"yə gətirib çıxarır. İlk dəfə ad gününü də komandayla birgə keçirir.
Ələsgərovun "Neftçi" karyerası uzun sürür. O, 10 il ərzində 210 oyun keçirib, 17 qol vurduğu komandada karyerasına da son qoyur. Amma bu müddətdə ciddiliyi, komandada qazandığı nüfuzu sayəsində kapitan sarğısına da sahib olur. Oyunların birində aldığı zədə onu çox sevdiyi idman növündən ayıra bilməzdi. Ələsgərovun məşqçilik karyerası belə başlayır. İlk vaxtlar "Neftçi"nin əvəzedici heyətini çalışdırır. 1966-cı ilin əvvəlində baş məşqçi Vasili Sokolovun yerinə keçmək üçün isə onun alternativi olmur. Əhmədin sabiq oyundaşlarına rəhbərliyi elə ilk mövsümdəcə bəhrəsini verir. "Ağ-qaralar" SSRİ çempionatları tarixində ən böyük uğurunu - bürünc medalları qazanır. 8 il sonra – 1974-cü ildə isə Odessa “Çernomorets”i ilə eyni uğuru təkrarlayır.
Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisi olan mütəxəssis "fikrimcə, ağıllı məşqçiyə "get" demək yersizdir, o özü şəraiti qiymətləndirib, lazımi addımı atmalıdır" prinsipini daim əsas tuturdu. Bu səbəbdəndir ki, heç vaxt iş axtarmır, işin gəlib onu tapmasını gözləyirdi. İlk dəfə "Neftçi"dən ayrılmağa məcbur olanda da gənc çalışdırıcı yaşıdlarına uyğun olmayan düşüncəylə qərar vermişdi. 31 yaşında bürüncün memarı olan Əhməd aldığı çoxsaylı təkliflər arasında eləsini seçməliydi ki, oradakı uğursuzluq nüfuzuna xələl gətirməsin. Özünü sığortalamaq üçün nəyin nə vaxt gərək olduğunu gənc ikən də yaxşı bilirdi. Onun hər peşəkar məşqçi kimi özünəxas fiziki və taktiki hazırlıq planı var idi. Amma Ələsgərovun futbolçuları psixoloji cəhətdən hazırlamasına dünyanın ən güclü məşqçiləri də həsəd apara bilərdilər. Ən uğurlu nəticələri məhz bunun hesabına əldə etdiyini daim vurğulayan məşqçi dəfələrlə uzaq xaricdən olan təklifləri rədd edib: «Mənim əsas silahım futbolçularla söhbət aparıb, onları psixoloji cəhətdən hazırlamaqdır. Mən onların dilini bilməsəm, necə söhbət edərəm? Tərcüməçi isə mənim sözlərimi futbolçulara heç vaxt məhz mən deyən kimi çatdıra bilməz».
Mütəxəssis dəfələrlə çalışdığı klubları dəyişsə də, ürəyi həmişə "Neftçi"nin yanında olub. Bu səbəbdəndir ki, hər dəfə doğma komandadan aldığı təklifi qəbul edib. Hətta lazım gələndə, əlində qurmaqda olduğu komandanı yarımçıq buraxsa belə. Amma bu dönüşlərin heç birində əvvəlki uğuru təkrarlaya bilməyib. 1992-ci ildə Ələsgərov "Neftçi"yə tarixində ilk dəfə müstəqil Azərbaycan çempionluğunu qazandırdı və komandadan getdi. Getdi ki, növbəti dəfə xilaskar kimi geri dönsün.
1999-cu ildə “Neftçi”yə Azərbaycan kubokunu qazandıran Ələsgərovun "Neftçi"yə son dönüşü diqqətçəkən uğurla yadda qalmadı. Əvəzində, adlı-sanlı "Srvena Zvezda"yla başabaş mübarizə, bir də indiyədək ideya kimi qalan superklub arzusunun həyata keçirilməsinə başlaması xatirələrdədir. Əhməd Lətifoviçin yığmada və "Neftçi"də çalışmasının sintezi də məhz superklub formalaşdırmağa xidmət edirdi. Amma mümkün olmadı. Hadisələrin axarı onu həmişə olduğu kimi, yenə səssizcə Bakını tərk etməyə vadar etdi. Bu, mütəxəssisin "Neftçi"dən son gedişi idi.
Əhməd Ələsgərov 2015-ci il mayın 19-da Odessa şəhərində vəfat edib. 2012-ci il sentyabrın 1-də isə “Çernomorets” klubunun Fəxri Xiyabanında onun adı xatirə ulduzu kimi əbədiləşdirilib.