Yunis Hüseynov
-
Oynadığı dönəm:
1984-1998
-
Doğum tarixi:
01.02.1965
-
Mövqeyi:
Sol cinah yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
Ardıcıl 15 il bir komandada çıxış etmək hər futbolçuya nəsib olmur. Həm də “Neftçi” kimi bir klubun şərəfini qorumaq... Bu, Yunis Hüseynova qismət olub. Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən yarımmüdafiəçi təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də tanınıb. Onun gücü sol ayağında cəmləşmişdi ki, sağ ayaq topla işləməkdə yox, daha çox meydanda hərəkət etməkdə ona yardımçı olurdu. Yunis solaxay olduğuna görə ilk illərdə sol cinah yarımmüdafiəçisi kimi çıxış edirdisə, sonradan tədricən meydanın mərkəzinə çəkilərək karyerasının böyük hissəsini mərkəz yarımmüdafiəçisi kimi oynadı.
Artıq gənc yaşlarında səs-sorağı Azərbaycandan kənara çıxan Hüseyov SSRİ-nin olimpiya yığma komandasına cəlb olunurdu. Amma 1988-ci ildə Seulda keçirilən Olimpiadaya yollanan heyətdən son anda kənarda saxlanıldı. Yığma başbilənləri “Neftçi”dən iki futbolçunun Seula yollanmasına imkan vermədi və sonda çempionluq sevincini olimpiyaçılardan yalnız bir “Neftçi”li – İqor Ponomaryov yaşadı.
Həmin vaxt Moskva “Lokomotiv”inə keçid variantı da ciddi müzakirə edilən Yunis bu komanda ilə məşqə çıxsa da, darıxdığı üçün Bakıya qayıtdı. Hər halda, o, SSRİ-də qazana bilmədiyi uğurlara müstəqillik dönəmində “Neftçi”nin heyətində nail oldu. 341 oyunda 101 qol vuran yarımmüdafiəçi “ağ-qara” formada Azərbaycan çempionatının (1992, 1996, 1997), kubokunun (1995, 1996), Superkubokunun (1993, 1995) qalibi oldu, Azərbaycanın ən yaxşı futbolçusu (1994, 1998) seçildi.
Hüseynov legioner həyatı yaşaya bilərdi, amma 1992-ci ildə İrana yollansa da, orada qala bilmədi və qısa müddətdən sonra yenidən “Neftçi”yə qayıtdı. Flaqmanın liderlərindən sayılan Yunis kapitanlıq sarğısını uzun müddət daşıdı. Müstəqil Azərbaycan çempionatlarında “Neftçi”nin ilk qolunu vuraraq adını komandanın tarixinə yazdıran futbolçu ardıcıl 12 oyunda meydanı qolsuz tərk etməyərək rekord müəyyənləşdirdi. Onun “Neftçi”dən gedişi 1997-ci ildə gözlənilirdi, amma komandanın iki yerə parçalanmasından sonra gəncləşdirmə siyasəti aparıldığı üçün zəifləyən heyətdə qalan azsaylı təcrübəli futbolçulardan biri də Yunis Hüseynov oldu. Bununla belə, o, bir il sonra futbolda ilk addımlarını atdığı Gəncəyə qayıtdı və kayrerasında sonuncu çempionluğunu da (1998/99) doğma şəhərin təmsilçisi “Kəpəz”də qazandı. 1984-cü ildə - 19 yaşında “Neftçi”yə gəldiyi vaxtdan peşəkar futbolçu kimi çıxış etməyə başlayan Yunis Hüseynov karyerasını doğulub boya-başa çatdığı Gəncədə bitirdi.