Səməd Qurbanov
-
Oynadığı dönəm:
1972-1984
-
Doğum tarixi:
10.07.1953
-
Mövqeyi:
Sol cinah yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
Səməd Qurbanovun futbolçu karyerasını bitirməsi çox gözlənilməz və qəribə alınıb. 1984-cü ildə “Neftçi”nin “ev”də “Ararat”a iki top fərqi ilə yenilməsi onun karyerasını bitirmək qərarına gəlməsinə səbəb olub. Səməd Qurbanov bu məğlubiyyəti həzm edə bilməyib və sevimli oyununa “əlvida” deyib. Sonralar Səməd bəyin dəfələrlə ölkə futboluna çalışmağa qayıtdığı vaxtlarda da bir anda inciyib getdiyinin şahidi olmuşuq. Qurbanovu belə tanımışıq – kövrək qəlbiylə ədalətsizliyi, səhvləri qəbul etməyib uğursuzluq olan yerdən getməyə qərar verən biri kimi.
Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. Dövrünün, demək olar ki, bütün oyunçuları kimi o da uşaqlar arasında keçirilən turnirlərdə kəşf edilib. “Ümid kuboku”ndan birbaşa “Neftçi”yə dəvət olunub. Əvəzedici heyətdən əsas komandaya qədər irəliləməsinə cəmi iki il lazım gəlib. Qol vurmaqdan daha çox ötürmələr verməyə meyilli olan sol cinah yarımmüdafiəçisi “Neftçi”nin uğuruna sevinmək, üzüntüsünə şərik çıxmaqla kifayətlənən deyildi. O, “hər şey “Neftçi” üçün” düşüncəsiylə karyerasını başlayıb və bitirib. “Neftçi” üçün yığma perspektivini olimpiya yığmasından kənarlaşdırılmaqla məhv etməyə də razı olub. İnanılmaz dərəcədə səmimiliyi də bunda rol oynayıb. Yoxsa, olimpiya yığmasının baş məşqçisi Eduard Malofeyevin rəhbərlik etdiyi Minsk “Dinamo”suyla oyunda rəqibin bərabərlik qolunun düzgün vurulmadığına hakim inanardımı?! Qurbanovun referiyə dediyi iki kəlmə matçdan sonra dava-dalaşa səbəb olub. Amma komandasına qələbə, özünə isə yığma yolunda aşılmaz sədd qazandırıb. Malofeyev bu hərəkətinə görə Səmədi bir daha olimpiya yığmasına çağırmayıb. Səmimiliyi ilə bütün SSRİ futbolunda tanınan Qurbanov oyunların birində rəqibin penalti vurmaq haqda qərarını dəyişmək xahişiylə də hakimə müraciət edib. Futbolçunun ad günü olduğunu eşidən fit sahibi peşəkarlığını səmimiliyi ilə hörmət qazanan Qurbanova görə “qurban” verib.
Ölkədə heç bir futbolçudan çəkinməyən Səməd başqa komandalar üçün arzuolunmaz rəqib sayılıb. Hətta “Spartak”ın məhşur futbolçusu Fyodor Çerenkov müsahibəsində Səməd Qurbanovun onun üçün ən keçilməz yarımmüdafiəçi olduğunu etiraf edib. Bir müddət komandanın kapitanı olan Qurbanov təkcə Çerenkova deyil, güclülər dəstəsində oynayan bir çox güclü hücumçulara başağrısı olub. 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusu siyahısında yer alıb, 1983-cü ildə isə SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün “Futbol-Hokkey” həftəliyinin keçirdiyi sorğuda “Neftçi”nin səs alan yeganə futbolçusu olub.
Yüksək start sürətinə malik olan Səməd azarkeşlər arasında ən çox sevilən futbolçulardan idi. Təsadüfi deyil ki, sürətinə görə futbolsevərlər ona “Jiquli” ləqəbini vermişdilər. Həqiqətən də Qurbanov sürət götürəndə rəqib komandanın heç bir oyunçusu ona çata bilmirdi və müdafiədə çaşqınlıq əmələ gətirirdi. Boyunun balaca olmasına baxmayaraq, başla da yaxşı oynayırdı. Bundan irəli gəlir ki, o, qollarının əksəriyyətini başla vurub. Karyerasını yalnız “Neftçi”də keçirən, komandaya sadiqliyi ilə seçilən Qurbanov 393 oyunda meydana çıxıb ki, bu göstəriciyə görə yalnız Sergey Kramarenko ilə Əsgər Abdullayevdən geri qalır.