İqor Getman

  • Oynadığı dönəm:

    1991-1992, 1998-2007

  • Doğum tarixi:

    07.06.1971

  • Mövqeyi:

    Sağ cinah müdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

"Neft­çi"nin he­yə­tin­də çı­xış edən bir sı­ra fut­bol­çu­lar klu­ba sa­diq­li­yi ilə seçiliblər. Bun­lar ara­sın­da İqor Get­ma­nın özü­nə­məx­sus ye­ri var. Düz­dür, Get­man fut­bol­çu kar­ye­ra­sı ərzində yal­nız "Neft­çi"də oynamayıb. Bununla belə, Azər­bay­can­da çı­xış et­di­yi dövr­də özü­nü yal­nız "ağ-qaralar"a həsr edib.

İqor futbolda ilk addımlarını “Neftçi”də atıb. 6 yaşından Şamil Əmirovun rəhbərliyi altında cinah müdafiəçisi mövqeyində bu idman növünün sirlərini öyrənməyə başlayıb. Peşəkar futbolçu karyerasına 17 yaşında “Dinamo” GOHM-də başlayıb. 1991-ci ilə qədər bu komandanın heyətində 63 oyunda meydana çıxıb. Elə həmin ilin qışında Ruslan Abdullayevin dəvəti ilə “Neftçi”yə qayıdıb. 1992-ci ildə Stavropolun “Dinamo” klubundan təklif alıb və karyerasında ilk dəfə legioner həyatı yaşayıb. Burada heç bir oyunda meydana çıxmasa da, 1993-cü ildə Mahaçqalanın “Anji” klubu onu heyətinə qatıb. 5 il bu komandanın şərəfini qoruyub. 168 oyunda meydana çıxıb və 14 qol vurub. 1998-ci ildə növbəti dəfə “Neftçi”yə qayıdıb və futbolçu karyerasının sonuna qədər bu klubun formasını geyinib.

36 yaşında karyerasını başa vuran İqor Getman Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində ən çox oyun keçirmiş futbolçudur. O, ümumilikdə 247 matçda – 208 dəfə ölkə çempionatında, 28 dəfə ölkə kubokunda, 11 dəfə isə beynəlxalq oyunlarda ağ-qara forma ilə meydana çıxıb və 7 qola imza atıb. 1992, 2004, 2005-ci illərdə “Neftçi” ilə Azərbaycan çempionatının, 1999, 2004-cü illərdə isə Azərbaycan kubokunun qalibi olub. 2006-cı ildə MDB ölkələrinin çempionları arasında keçirilən “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. 1995-ci ildə Rumıniyaya qarşı görüşdə millinin heyətində debüt edib və 2001-ci ilə qədər 24 rəsmi oyunda yığma komandanın şərəfini qoruyub.

Futbolçu karyerasını bitirən kimi məşqçiliyə başlayıb və “Neftçi”də əsas komandanın baş məşqçisinin köməkçisi təyin edilib. 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Daha sonra əvəzedici heyətin baş məşqçisi, 2011-ci ildə isə seleksiyaçı-məşqçi kimi fəaliyyətini davam etdirib. 2012-ci ildə Zaqatalanın “Simurq” klubundan dəvət alıb və burada da əsas komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib. Hətta baş məşqçi Sergey Yuranın istefasından sonra müvəqqəti olaraq bu komandaya baş məşqçilik edib. 2015-ci ilə qədər “Simurq”da köməkçi məşqçi kimi çalışıb. 2016-cı ildə yenidən “Neftçi”yə qayıdıb və 2020-ci ilin noyabrınadək köməkçi məşqçi olaraq fəaliyyətini davam etdirib. 2021-ci ilin fevralından klubun seleksiya şöbəsində çalışır. Bəli, bu sədaqət davam edir. Bəlkə də çox şey dəyişəcək, çoxları gəlib-gedəcək, amma İqorla “Neftçi”nin qarşılıqlı sədaqəti heç vaxt bitməyəcək.