Maşallah Əhmədov
-
Oynadığı dönəm:
1977-1989
-
Doğum tarixi:
02.06.1959
-
Mövqeyi:
Sağ cinah hücumçusu
-
Vətəndaşlığı:
Azərbaycan
Güclü oyunçuları olan komandada bombardir, deməli, həm də ulduz olmaq son dərəcə mürəkkəb vəzifədir. Çünki bütün komanda gözünü ona dikib, başlıca şey – qol vurmaq da ondan tələb olunur. «Neftçi»nin tərkibində belə inadkar və ulduz futbolçu Maşallah Əhmədov idi.
Maşallahın futbola gəlişi Gəncənin tozlu-torpaqlı küçələrindən birində başlayır. Yaşda hamıdan kiçik olmasına baxmayaraq, oyunu ilə seçilirdi. Bir dəfə məhəllədəki oyundan sonra ağ köynəkli biri ona yaxınlaşaraq sabah futbol bölməsinə gəlməsini xahiş edir. Həmin şəxs Konstantin Abramenko idi. Beləliklə, 1967-ci ilin yayında Maşallah təcrübəli məşqçi Abramenkonun himayəsi altında «Lokomotiv» cəmiyyətinin gənclərdən ibarət komandasına keçir. Həftədə üç dəfə futbol meydançasında məşq etmək balaca uşaq üçün ən böyük hədiyyə idi. Ailəsi böyük olduğundan, zəhmətə elə uşaqlıqdan alışmışdı. Maşallah o vaxtları belə xatırlayır: «Atam zəhmətkeş adam idi, bizi də işdə səliqəli və dəqiq olmağa öyrədirdi. Bunun nəticəsidir ki, sonralar mən ayrı-ayrı fəndləri, yerindən sürət götürməyi, meydançanın cinahlarından və mərkəzdən hücuma keçməyi yorulmadan məşq edir və təkmilləşdirirdim».
«Lokomotiv»in Bakının Ehtiyat Əmək Qüvvələri komandası ilə görüşündə isə onun oyununu Gəncə «Dinamo»sunun baş məşqçisi olan Müzəffər Qasımov bəyənir. Beləliklə, Əhmədovun yolu «Dinamo»ya açılır. Tezliklə Maşallah haqda xəbər Bakıya da gəlib çatır və o, «Neftçi»nin baş məşqçisi Gennadi Bondarenkonun təşəbbüsü ilə 1977-ci ildə Azərbaycanın əsas komandasına dəvət olunur.
İlk mövsümləri komandaya uyğunlaşmağa sərf edən Əhmədov 1980-ci ildən hücum xəttinin özəyini təşkil edir. Gənc olmasına baxmayaraq, rəqib müdafiəçilərini pərən-pərən salmağı bacarır, hücumun hər iki cinahında əla oyun göstərə bilirdi. SSRİ dönəmində Qafqaz komandaları arasındakı görüşlər öz prinsipiallığı ilə seçilirdi. Maşallah məhz belə gərgin oyunlardan birində, Tbilisi dinamoçuları ilə matçda het-trikə imza atır. Rəqibin müdafiə xəttində Çivadze kimi futbolçu da Əhmədovu saxlaya bilmirdi. Maşallahın karyerasının zirvə nöqtəsini isə 1986-cı ili saymaq olar. Həmin il rəqib qapıçıları 13 dəfə məyus edən futbolçunun oyununa artıq mərkəzi mətbuat da münasibət bildirirdi. O dövrlərin məşhur həftəliyi olan «Futbol-Hokkey» qəzetinin jurnalisti Yuri Vanyat öz məqaləsində Maşallahı Anatoli Banişevski və Kazbek Tuayevin xoş ənənələrini davam etdirəcək futbolçu adlandırırdı. Göstərdiyi oyun sayəsində SSRİ Olimpiya yığmasına çağırılıb, Rumıniya və ÇSSR-lə matçlarda meydana çıxan Əhmədovu mövsümün sonunda SSRİ-nin «33 ən güclü futbolçu»su siyahısına daxil edirlər. Sonuncu dəfə «Neftçi»də çıxış edən futbolçulardan bu siyahıya 15 il əvvəl düşmüşdülər. Əhmədov 1986, 1987, 1988-ci il mövsümlərində komandanın ən yaxşı bombardiri olur. «Neftçi» güclülər dəstəsini tərk edəndə də o, flaqmandan getmir, birinci liqada oynamaqla komanda yoldaşlarına kömək etmək istəyir. Lakin karyerası ərzində aldığı zədələr ona tam gücü ilə oynamağa imkan vermir. Nəticədə, 1989-cu ilin iyun ayında «Rostselmaş»la oyunda sonuncu dəfə meydana çıxaraq, «Neftçi»dəki karyerasına son qoyur.