Vladimir Bruxti

  • Oynadığı dönəm:

    1963-1972

  • Doğum tarixi:

    11.06.1945

  • Mövqeyi:

    Mərkəz müdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

Vladimir Bruxti fiziki göstəricilərinə görə anadangəlmə müdafiəçi idi. Moskvada nəşr olunan «Kim kimdir» kitabında onun haqda belə yazılıb: «Güclü, fiziki cəhətdən hazırlıqlı, fərdi oyunda üstün olan, başla yaxşı oynayan müdafiəçi». Fiziki göstəricilərinə görə onu bəzən döyüşçüyə də oxşadırdılar. Bu da səbəbsiz deyildi. Bruxti futbola gəlməzdən əvvəl boksla peşəkar səviyyədə məşğul olmuş, hətta Respublika çempionu tituluna da sahib çıxmışdı. Bir nömrəli idman növünə gəlişi isə təsadüf nəticəsində baş verir.

                                                   

Bakı şəhərində istedadlı uşaqları üzə çıxaran Şirəli Şirəliyev cüssəli Volodyanı da futbola gətirir. Bununla da Bruxti futbolun sirlərinə onun qrupunda yiyələnməyə başlayır. Yaşıdları arasında seçilən Volodya tezliklə mütəxəssislərin diqqətini çəkir. O, 1961-ci ildə komandamızın əvəzedici heyətinə cəlb edilir. Bir il sonra isə o vaxt «Neftyanik»ə rəhbərlik edən Boris Arkadyev onu usta oyunçularla birgə məşqlərə buraxmağa başlayır. Əsas heyətin üzvləri ilə keçirilən məşqlərdə Volodya əvəzsiz təcrübə qazanır. 1963-cü ildə Ələkbər Məmmədovun komandaya baş məşqçi gəlməsi ilə Bruxtinin «Neftyanik»dəki debütü baş tutur və uğurlu alınır. «Neftyanik»in Moskvada «Lokomotiv»i 4:2 hesabı ilə məğlub etdiyi oyunu Bruxti əvəzlənmədən keçirir. 1963-cü ildən «Neftyanik»in şərəfini qoruyan Volodya 1972-ci ilədək komandanın əvəzolunmaz müdafiəçisi olur. Bu illər ərzində meydana çıxdığı 257 oyunda 2 qol vurur. 1966-cı ilin əfsanəvi «bürünc» heyətində Bruxti də önəmli yer tutur. Məhz onun müdafiədəki etibarlı oyunu komandanın bürünc medal qazanmasında böyük rol oynayır. Sonrakı ili yüksək tonda keçirən Volodya Kazbek Tuayev və Anatoli Banişevski ilə birgə «33 ən yaxşı» futbolçu sırasına düşür.

                                                 

1966-cı ildə İngiltərədə gənclər arasında keçirilən, FİFA prezidenti Stenli Rouzun adını daşıyan turnirdə Volodya gözəl oyun göstərir. Buna görə tezliklə SSRİ-nin gənclər yığmasına cəlb edilir. Müdafiədəki inamlı oyunu tezliklə SSRİ yığmasına çağırılması ilə nəticələnir. Bruxti yığma ilə birlikdə Yuqoslaviyada təlim-məşq toplanışında da iştirak edir. Buna baxmayaraq, yığmada debüt edə bilmir. Yuqoslaviyada olarkən anasının ölüm xəbərini alan Volodya təcili Bakıya qayıdır. Yığmanın məşqçiləri buna görə onu bağışlamayaraq, bir daha yığmaya çağırmırlar.

Bruxti futbolçu karyerasını 27 yaşında bitirmək məcburiyyətində qalır. Oyunların birində ciddi zədələnməsi buna səbəb olur. O vaxt idman səhiyyəsi yaxşı inkişaf etmədiyindən, müdafiəçinin zədəsinə əlac qılan tapılmır. Bundan sonra futboldan ayrı qala bilməyən Bruxti özünü məşqçi kimi sınamağa başlayır. Respublika çempionatında çıxış edən bəzi komandalarda işlədikdən sonra, 1980-ci ildə Naxçıvan «Araz»ına baş məşqçi təyin olunur. Azərbaycanda məşqçiliyi elə də yaxşı alınmayan Bruxti Türkmənistana yollanaraq iki il yerli «Beşdik» klubunu çalışdırır. Türkmənistanı tərk edəndən çonra işsiz qalan veterana yenə də doğma ocağı - «Neftçi» yiyə durur. Vladimir Petroviç 1983-92-ci illər aralığında komandamızın uşaq futbol məktəbində işləyir. Bu müddətdə Bruxti Azərbaycan futboluna bir çox istedadlı oyunçu bəxş edir. 1992-ci ildə yenidən legioner həyatı yaşamağı qərara alan mütəxəssis Poltava «Vorskla»sının təklifini nəzərdən qaçırmır. «Vorskla» onun rəhbərliyi altında Ukrayna çempionatının 1-ci dəstəsinin qalibi olur və güclülər dəstəsinə vəsiqə qazanır. Növbəti mövsümdə Bruxtinin başçılıq etdiyi «Vorskla» 18 komanda arasında 3-cü yeri tutur. Güclülər dəstəsində çətin günlərini yaşayan «Krivbass» da nicatı həmyerlimizi dəvət etməkdə görür. Krivoy-Roq klubu onun rəhbərliyi altında movsümü 6-cı yerdə başa vurur. Lakin vətəndən ayrı yaşaya bilməyən Bruxti yenidən doğma yurdu Azərbaycana qayıtdı. Ömrünün sonuna kimi Bakıda yaşayan veteran son günlərinə qədər «Neftçi»yə sadiq qalmaqla komandanın uşaq futbol məktəbində çalışıb.