Çingiz İsmayılov
-
Oynadığı dönəm:
1956-1961
-
Doğum tarixi:
12.04.1935
-
Mövqeyi:
Qapıçı
-
Vətəndaşlığı:
Azərbaycan
Əksər futbol adamlarımızı maksimum iki ampluada görməyə adət etmişik. Bir simanın oyunçu-məşqçi və ya oyunçu-hakim, nadir hallarda isə futbolçunun sonradan klub, ya da federasiya rəsmisi olduğunun şahidi olmuşuq. Amma Çingiz İsmayılov elə şəxslərdən sayılır ki, onun futbol fəaliyyəti çoxşaxəlidir. Sahə oyunçusu, qapıçı, televiziya şərhçisi, klub rəisi, sonra isə federasiya rəsmisi kimi. Ölkə futbolunun flaqmanına xidməti isə Çingiz İsmayılov qapıçı kimi başlayıb, şərhçi kimi davam edib, komandanın rəisi kimi başa vurub.
İsmayılovun futbola gəlişi çoxlarından fərqlənməsə də, qapıçı olmasında qəribəlik sezmək olar. Tofiq Bəhramovun müəllim işlədiyi orta məktəbdə təhsil alan Çingizin futbolu seçməsində mərhum referinin əməyi olub. Respublikada yaradılan ilk futbol məktəbinə birinci qəbul olunanlar sırasında yer alan Çingizi ora məhz məktəbdəki müəllimi aparmışdı. İsmayılovun 21 yaşında qapıçı olmağa qərar verməsinin səbəbi var. Bakıxanov qəsəbəsində həmyaşıdlarından təşkil olunan komandanın qapısını qorumaq istəyən yox idi. Belədə, hər qoldan sonra oyunçulardan biri çərçivəyə keçirmiş. Bundan bezərək qapıçılığı üzərinə götürən Çingiz məharəti sayısində elə həmin il "Neftçi"yə dəvət olunur.
Qapıçının "ağ-qara" formadakı karyerası İrəvanda başlayır. Viktor Novikovun dəvətiylə komandaya cəlb olunan gənc "Spartak"la matçın ikinci hissəsində meydana çıxır. 1960-cı ildə güclülər dəstəsində də debüt etmək imkanı qazanan «pələng» ləqəbli qapıçı 27 yaşınadək respublikanın bir nömrəli komandasının sıralarında olur. «Pələng» ləqəbini isə 1957-ci ildə İranda Tehran yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra alır. Həmin görüşdə onun gözəl oyununu ertəsi gün İran mətbuatı işıqlandırır, manşetlərə «Pələng Çingiz» başlıqlı yazılar çıxır.
Karyerasının növbəti beş ilini Bakının, sonralar Gəncənin «Dinamo» komandasına sərf edən İsmayılov 1969-cu ildə yenidən "Neftçi"yə bağlanır. O, «Neftçi» Cəmiyyəti Mərkəzi Şurasının futbol bölməsinin sədri vəzifəsinə təyin olunur. Daha sonra düz 18 il televiziyada şərhçi kimi çalışan Çingiz İsmayılov vaxtının çoxunu flaqmanın oyunlarından reportaj hazırlamaqla keçirir. Hətta bundan ötrü ADU-nun jurnalistika fakültəsini bitirir. Qapıçı kimi 6 il, şərhçi kimi 18 il bağlı olduğu kluba daha yaxın olmaq üçün İsmayılov televiziyadan getməli olur. 1987-ci ildə flaqmanın rəisi olan mütəxəssis 7 il bu vəzifədə çalışır. "Neftçi" - AFFA münasibətlərinin kritik həddə çatdığı 1994-cü ildə İsmayılovun klubdan federasiyaya keçməsi münasibətlərin ilıqlaşmasına xidmət edir. Bu həm də üç ampluada üst-üstə "Neftçi"yə yarım əsrlik bağlılığın sonu olur.