Anatoli Terentyev

  • Oynadığı dönəm:

    1951-1961

  • Doğum tarixi:

    1931

  • Mövqeyi:

    Sol cinah yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

Böyük Vətən müharibəsindən sonrakı illərdə bütün sahələrdə olduğu kimi, idmanda da vəziyyət ağır idi. Böhrandan çıxmağa görə hər yerdə əməli işə başlanılsa da, həyatın normal məcraya düşməsi üçün bir neçə il tələb olunurdu. Uşaq futbolu məktəblərindən əsər-əlamət qalmadığı üçün digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanın da 1 nömrəli komandası gənclərə ümid edirdi. Anatoli Terentyevin komandamıza yolu elə həmin vaxt açılır. O, 1950-ci ildə «Neftyanik»in əvəzedici heyətinə cəlb edilir. Bir ildən sonra Terentyev artıq əsas heyətə qatılır.

                                              

Həmin vaxt A sinfində mübarizə aparan komandamız B sinfinə düşür. Ələkbər Məmmədov və Yuri Kuznetsov «Neftyanik»i tərk edəndən sonra Anatoli Terentyev komandanın liderlərindən birinə çevrilir. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun açılış matçında Terentyev də iştirak edir. 1951-ci ildə keçirilmiş həmin görüşdə komandamız Vilnüs «Spatrak»ı üzərində qələbə qazanır. Həmin günü Terentyev belə xatırlayır: «Stadionda böyük izdiham var idi. Hamı sevinc içində idi. Çünki o vaxt Zaqafqaziyada ən böyük stadion məhz Bakıda açılmışdı. Respublika rəhbərliyi, başda Mircəfər Bağırov olmaqla açılış mərasimində iştirak edirdilər. Oyundan əvvəl stadionun üzərində dövrə vuran təyyarələrdən meydana futbol topu atırdılar».

Terentyev nadir futbolçulardandır ki, bütün mövqelərdə uğurla oynayıb. Hansı mövqedə boşluq yaranırdısa, məşqçilər Terentyevi ora göndərirdilər. Viktor Novikovun vaxtında 2 il cinah müdafiəçisi kimi çıxış edəndən sonra 1955-ci ildə Valeri Timakov tərəfindən yarımmüdafiəyə keçirilir. Tolik bu mövqedə də inamlı oynayaraq, məşqçilərin etimadını doğruldur. Boris Arkadyevin dövründə isə mərkəz müdafiəçisi kimi sınanır. Gözlənilənlərin əksinə, yenə də uğurla! 11 il komandamızın şərəfini qorumuş Terentyev son 3 mövsümdə kapitan sarğısını da daşıyır. Karyerasının ən yaxşı illərində Moskva «Torpedo»su və Kişinyov «Moldova»sı həmyerlimizi öz heyətində görmək istəyirdi, lakin Bakını çox sevən Tolik buradan ayrıla bilmir.

Karyerası ərzində 26 qol vuran futbolçu üçün bunlardan biri daha əzizdir. Respublika stadionunda Qırğızıstan klubu ilə keçirilən qarşılaşmada Terentyev təxminən 40 metrdən «doqquzluğ»u dəqiq nişan alır.

Anatoli butslarını mismardan asdıqdan sonra bir müddət Vladimir Karmayevin rəhbərliyi altında uşaq futbolu məktəbində işləyir. İki il orada çalışandan sonra Krapotkin «Lokomotiv»inə üz tutur. Krasnodar diyarının birinciliyində çıxış edən klubda 3 il baş məşqçi işləyir. Terentyev vətənə dönəndən sonra Neftayırma zavodunda bədən tərbiyəsi üzrə təlimatçı kimi də fəaliyyət göstərir. O, ömrünün son illərini də sevimli «Neftçi»sinə bağlayır. Əvvəlcə komandamızın bazasında çilingər kimi çalışan Anatoli qazanxanada ocaqçı peşəsini də yerinə yetirib.