Vitali Şevçenko

  • Oynadığı dönəm:

    1968-1971

  • Doğum tarixi:

    02.10.1951

  • Mövqeyi:

    Sağ cinah hücumçusu

  • Vətəndaşlığı:

    Rusiya

Vitali Şevçenko 1951-ci il oktyabrın 2-də Bakıda anadan olub. Bir çox oğlan uşaqları kimi, o da futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayır. Şevçenko "Neftçi”yə 17 yaşında gəlir. Düzdür, "tarixi bürünc”dən 2 il keçmişdi, amma "Neftçi” digər komandalar üçün çətin rəqib olaraq qalırdı. Gənc Vitali artıq mövsümün əvvəlində əsas komandanın məşqçilər heyətinin diqqətini cəlb edə bilir. Əvvəlcə Kiyev "Dinamo”su ilə Moskva "Torpedo”sunun əvəzedicilərinin qapısına yol tapan Şevçenko "Krılya Sovetov”la oyunda "dubl”a imza atır. Əsas komandadakı debütü isə "Ararat”la qarşılaşmada baş tutur. 82-ci dəqiqədə meydana çıxdığı görüş komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnir.

"Neftçi”dəki ilk mövsüm o qədər də uğurlu alınmır. Şevçenko meydana çıxdığı 17 oyunda 1 dəfə fərqlənir, komanda isə çempionatı 9-cu pillədə başa vurur. Sonrakı mövsümdə də 17 oyun keçirir, amma bu dəfə 2 qola imza atır. 1970-ci ildə isə Şevçenko komandanın liderlərindən birinə çevrilir. Təsadüfi deyil ki, o, həmin mövsüm 27 oyunda 8 qolun müəllifi olur.

                                              

Vitali Viktoroviç 1971-ci ildə "Neftçi”nin heyətində keçirdiyi oyunlardan birini belə xatırlayır: "OİK aşağı dəstəyə yuvarlanırdı, məğlub ola bilməzdi. Ordu klubu ilə oyunda hesabda 1:0 öndə idik ki, bizi "öldürməyə” başladılar. Ofsayddan vurulan ikinci qoldan sonra qapıçı Sergey Kramarenko haqsızlığa dözməyib hakimi vurdu. Nəticədə Kramarenko 3 il müddətinə diskvalifikasiya olundu. Əvvəlcə qərara gəldilər ki, bütün komandanı cəzalandırsınlar. Qəzetdə gördüm ki, qalan 3 oyunda "Neftçi”yə 0:3 hesablı məğlubiyyət verilib. Amma başda Heydər Əliyev olmaqla partiya rəhbərliyinin işə müdaxiləsindən sonra komandanı yüksək liqada saxladılar. Yalnız zədəli Hacıyev və o zaman artıq nadir hallarda meydana çıxan Semiqlazov diskvalifikasiya edildilər”.

Şevçenkonu 1973-cü ildə Kiyev "Dinamo”suna dəvət etsələr də, o, komandada möhkəmlənə bilmir. 1973-1975-ci illərdə cəmi 7 oyunda (1 qol) meydana çıxan Vitali "Çernomorets”ə keçir. Maraqlıdır ki, Şevçenko "Neftçi”nin əsas komandasındakı ilk qolunu 1968-ci il sentyabrın 5-də məhz Odessa təmsilçisinin qapısına vurub. Futbolçu karyerasını isə o, "Lokomotiv” klubunda başa çatdırır.

Şevçenkonun məşqçilik karyerası da komandaların sayına görə zəngindir. O, Boliviya, İsrail, Rusiya və Ukraynada çalışıb. "Torpedo”dakı işi daha uğurlu alınıb. Moskva klubu 2000-ci ildə onun rəhbərliyi altında Rusiya çempionatının bürünc medalını qazanıb. Şevçenkonun son iş yeri isə Volqoqrad "Rotor”u (2010-cu il) olub.