Anatoli Banişevski

  • Oynadığı dönəm:

    1964-1978

  • Doğum tarixi:

    23.02.1946

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Bu görkəmli futbolçunun adı Bakının «Neftçi» komandasının səlnaməsinə həmişəlik və qızıl hərflərlə yazılıb. Onun ömür taleyi çox ziddiyətli olub. O, həyat yolunda çox cəfalar çəkib, çox maneələr dəf etməli olub. Lakin sözükeçən zəhmli rəislərin qəzəbinə düçar olub, onların gözündən düşdükdə də oynayıb, yoldaşlarının həmişə ümidi və dayağı olub, bəzən ən çıxılmaz vəziyyətlərdə komandanın köməyinə çatıb. O, futbol zirvəsinin ən yüksək nöqtəsinə çatanda da, sadə, bakılı azarkeşlər üçün «Banış» idi. O, nəinki bu ləqəbdən inciyir, əksinə, həmişə azarkeşlərlə ünsiyyətdə olurdu.

                                                                        

Əksər bakılı oğlan uşaqları kimi, o da nəfəsi kəsilənədək topla oynamağın dəlisi idi. Dar məhəllədə, küçələrdə top qovmaqdan onun həmişə şalvarı cırılar, zərbələrindən sonra isə qonşu evlərin şüşələri qırılardı. Hər dəfə tənbehə tuş gələr, qızararaq başını aşağı salar, bir daha belə halın təkrar olunmayacağını deyərdi. Lakin ertəsi gün hər şey yaddan çıxar, bütün hadisələr təkrar olunardı. Futbola olan hədsiz sevgini görən böyük qardaşı onu «Lokomotiv» cəmiyyətinin idman məktəbinə aparır. Balaca Anatoli futbolun ilk sirlərini bu cəmiyyətdə öyrənməyə başlayır. O, burada da öz yaşıdlarından seçilir, gözəl futbol oynayırdı.

Banişevskinin böyük futbolla ilk tanışlığı 1962-ci ildə olur. Azərbaycan SSR birinciliyinin final oyunları keçirilirdi. «Lokomotiv»in növbəti oyununudan sonra bir nəfər paltardəyişmə otağına gəlib qısaca deyir «Mənə məhz sən lazımsan. «Neftçi»də oynayacaqsan». Bu şəxs SSRİ-nin tanınmış futbol mütəxəssisi, o vaxt «Neftçi»nin baş məşqçisi olan Boris Arkadyev idi. Ertəsi gün Arkadyevin qarşısında nimdaş sırıqlı geyinmiş, çəlimsiz, arıq bir oğlan uşağı dayanmışdı. «Neftçi»nin baş məşqçisi ətrafdakılara baxaraq deyir: «Tezliklə bu oğlan məşhur futbolçu olacaq». Ətrafdakılar isə təəccüblə baş məşqçiyə baxır, özlərini istehzadan güclə saxlayırdılar. Lakin sonradan hadisələrin gedişi Arkadyevin haqlı olduğunu göstərdi.

Cəmi 15 yaşı olan yeniyetmənin bu hadisədən sonra hansı hislər keçirdiyi məlum idi. Beləcə, Banişevskinin böyük futbola gəlişi baş verdi və onu «Neftçi»nin əvəzedici heyətinə qəbul etdilər. Tezliklə onu SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasına da çağırdılar. Anatolinin «Neftçi»də debütü isə 1964-cü ildə «Dinamo»yla (Minsk) oyuna təsadüf etdi. Taleyin hökmü kimi o, digər tanınmış bakılı hücumçu Yuri Kuznetsovu əvəzlədi. Anatoli elə ilk oyundaca özündən söz etdirə bildi. Meydana çıxdığı ikinci oyunda isə OMİK-in qapısından top keçirməklə qol hesabını açdı. SSRİ-nin əsas yığmasına çağırılması da özünü çox gözlətmədi. 1965-ci ildə baş məşqçi Nikolay Morozov risk edərək 19 yaşlı hücumçunu Braziliya ilə yoldaşlıq oyununa buraxdı. Banişevski qısa müddət ərzində Sovetlər Birliyində şöhrət qazanmağa başladı. Artıq onu paytaxt klubları öz heyətlərində görmək istəyirdilər. Gənc hücumçu isə doğma Bakını heç yerə dəyişmək istəmirdi. Bu da mərkəzdəki futbol funksionerlərinin qəzəbinə səbəb olurdu. Hətta onlardan biri belə demişdi: «Əyalətdən yığmaya düşmək çətin olur, paytaxtda isə göz qabağında olursan». Lakin Anatoli doğma şəhəri tərk etmədi. Bakını əyalət sayan məmurlara isə öz istedadının gücünü göstərərək, SSRİ yığmasına düşdü. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında Banişevski artıq təkcə SSRİ-də yox, bütün dünyada tanınmış futbolçuya çevrilə bildi. SSRİ kimi böyük dövlətin cəmi 11 futbolçusu dünya çempionatının bürünc medalını əldə etdi ki, bu medallardan biri də Banişevskiyə çatdı. Təltifetmə mərasimi zamanı isə Böyük Britaniya kraliçası II Yelizaveta ona şəxsən bu sözləri demişdi: «Bakı nefti SSRİ üçün necə əhəmiyyət kəsb edirsə, sizin vurduğunuz qollar yığmanız üçün bir o qədər əhəmiyyətlidir».

                                                        

Həmin mundialın vida ziyafəti zamanı ingilis klublarından birinin rəhbəri Anatoliyə kifayət qədər böyük məbləğin qarşılığında iki illik müqavilə imzalamağı təklif etdi. Lakin təcrübəsiz gəncin heç bir cavab verməməsi klub rəhbərinin xoşuna gəlmədi. Yığmanın bu uğurundan sonra bir çox futbolçulara «əməkdar idman ustası» adı verilsə də, Banişevskiyə «beynəlxalq dərəcəli idman ustası» adı verildi. Həmin il Anatoli ikinci bürünc medalını doğma klubunda aldı. Banişevski həmin il «Neftçi»də az oyun keçirsə də, meydanda olduğu müddətdə komanda yoldaşlarına arxa ola bildi. Onun 14 oyunda 12 qol vurduğunu xatırlatmaq kifayətdir.

Parlaq futbol karyerası ilə bərabər onu həmişə uğursuzluqlar da qarabaraqa izləyib. Hücumçunun şan-şöhrəti bəzi məmurların xoşuna gəlmirdi. Anatolinin intizama o qədər də əməl etməməsi xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarırdı. 60-cı illərin sonuna yaxın Bakı aeroportunda baş verən hadisə onun həyatında dərin iz buraxdı. Hava limanında yüksək vəzifəli məmurla dalaşandan sonra Banişevskini «idman ustası» və «beynəlxalq dərəcəli idman ustası» adlarından məhrum etdilər.

                                                                   
Buna baxmayaraq, Anatoli yaşıl meydanda öz bacarığını göstərərək yenidən SSRİ yığma komandasına çağırıldı. Ancaq onun yığmaya ikinci gəlişi uzun çəkmədi. Banişevski yenidən dilinin bəlasına düşdü. 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının SSRİ ilə AFR yığmaları arasındakı final oyunundan(0:3) sonra İttifaq miqyaslı məmur paltardəyişmə otağına daxil olub futbolçuları təhqir etməyə başladı. Təhqirə dözə bilməyən Anatoli ona dərhal cavab verdi: «Nə oturub kənardan baxırdınız, çıxıb meydanda özünüz oynayardınız də». Banişevskinin bu cavabı onun yığma karyerasına birdəfəlik son qoydu. Artıq «Neftçi» də əvvəlki şöhrətini itirməyə başlamışdı. O, futbol klubundan çox intriqalar mərkəzinə çevrilmişdi. Hətta belə vəziyyətdə də Anatoli komandanın əsl lideri idi. 1972-ci ildə «Nefiçi» güclülər dəstəsini tərk edəndən sonra bir çox futbolçular komandadan getdilər. Ancaq Banişevski yenə komandada qalıb gənc futbolçuları arxasınca apara bilirdi. O, 1974-cü ildə birinci dəfə olaraq futbolla vidalaşıb «Neftçi»ni tərk etdi. Lakin bu idman növünə olan sevgi onu futboldan tamamilə uzaqlaşmağa qoymadı və Anatoli məşqçiliyə başladı. Bir il Sumqayıtda işləyəndən sonra 1975-ci ildə «Neftçi»yə məşqçi kimi döndü. Baş məşqçi Valentin Xlıstov Banişevskiyə yenidən yaşıl meydana qayıtmağı və gənc futbolçuları arxasınca aparmağı xahiş etdi. Beləcə, 1975-ci ilin 2-ci dövrəsindən Anatoli yenidən «Neftçi»də futbolçu kimi çıxış etməyə başladı. Növbəti ildə isə komanda yoldaşları ilə birgə güclülər dəstəsinə vəsiqə qazandı. İkinci gəncliyini yaşayan futbolçu iki il güclülər dəstəsində çıxış etdi. 1978-ci il oktyabrın 15-də «Dnepr»lə oyunda vurduğu qol sayəsində hücumçuların «Q.Fedotov klubu»na üzv ola bildi. Kiyev «Dinamo»çuları ilə sonrakı oyun isə Banişevskinin futbolçu karyerasında sonuncu oldu. Futboldan ayrı düşə bilməyən Anatoli Moskvada Ali Məşqçilik Məktəbini bitirərək 1981-1982-ci illərdə doğma komandasında məşqçi işlədi. Sonra bir müddət Mingəçevirin «Avtomobilçi» komandasının baş məşqçisi oldu.

                                                        
Daha sonra isə onu 1987-ci ildə Burkina-Fasoya mütəxəssis kimi göndərdilər. O, burada ölkənin gənclərdən ibarət yığma komandasının baş məşqçisi işləməyə başladı və qısa zaman ərzində komandanın göstəricilərini yaxşılaşdırdı. Lakin ölkədəki hərbi çevriliş Banişevskinin həyatında ağır iz buraxdı. Hadisələrin mərkəzinə düşən Anatoli bərk qorxu keçirdi. Düzdür, Sovet mütəxəssislərini ölkədən sağ-salamat çıxarmaq mümkün oldu, amma bərk həyacan keçirən Anatoli şəkər xəstəliyinə tutuldu. Bundan sonra yataq xəstəsinə çevrilən Banişevski böyük futboldan ayrı düşdü. Getdikcə xəstəliyi şiddətləndi və 1997-ci il dekabrın 10-da o, əbədi olaraq gözlərini yumaraq Fəxri Xiyabanda dəfn olundu.

        
       

Banişevski müsahibələrinin birində deyib: «Əgər yenidən seçməli olsaydım, heç düşünmədən, əsla tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda bütün həyatım boyu sadiq qaldığım «Neftçi»ni seçərdim».

Ölümündən bir il əvvəl, 1996-cı ildə o, «Şöhrət ordeni» ilə təltif olunmaqla layiq olduğu qiyməti aldı.