Laurentsiu Regekampf

  • Dönəm:

    Baş məşqçi, 2022-2023

  • Vətəndaşlığı:

    Rumıniya

  • Doğum tarixi:

    19.09.1975

Laurentsiu Regekampf 1975-ci il sentyabrın 19-da Rumıniyanın Tarqovişte şəhərində anadan olub.

2009-cu ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. Rumıniyanın “Snaqov” (2009-2010, 2011), “Krayova” (2010, 2011), “Qloriya” (2010), “Konkordiya” (2011-2012), “Styaua” (2012-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarını çalışdırıb. Baş məşqçi kimi “Styaua” ilə Rumıniya çempionatının (2013, 2014), Superkubokunun (2013) və Liqa Kubokunun (2016) qalibi olub. 2012/2013 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinədək irəliləməyi bacarıb. 1/16 finalda “Ayaks”ı mübarizədən kənarlaşdıran Regekampfın komandası 1/8 finalda gələcək çempion “Çelsi”yə uduzaraq mübarizəni dayandırıb. “Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis “Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, “Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun (2017, 2018) və Liqa Kubokunun (2018) qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018). Laurentsiu Regekampf “Sporturilor” qəzetinin keçirdiyi sorğuya görə 2013-cü ildə Rumıniyada ilin baş məşqçisi seçilib.

2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”nin baş məşqçisi olub, 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub.