Öncə tarix olmaq, bu tarixə sahib çıxmaq və bu tarixi mədəniyyətə çevirərək onu gələcək nəsillərə çatdırmaq hər kəsə nəsib olacaq bir qürur deyil. “Neftçi” Peşəkar Futbol Klubu saysız qələbələri və uğurlarından bəhs edən muzeyi ilə ölkə idmanına bir güzgü tutur.
Bura Azərbaycanda idmanın tarixindən, futboldan bəhs edən yeganə muzeydir. “Bakcell Arena”da yerləşən muzey 22 aprel 2017-ci ildə AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə istifadəyə verilib. Muzeydə Azərbaycan futbol tarixinin ümumi mənzərəsini əks etdirən, 1937-ci ildən indiyədək olan dövrü əhatə edən eksponatlar yer alıb.
İki otaqdan ibarət olan muzeyin girişində “Neftçi”nin yaranma tarixi ilə bağlı, həmçinin 1966-cı ilə SSRİ-də bürünc medala sahib çıxan komandanın üzvləri haqqında maraqlı məlumatlar, tarixi şəkillər və qazanılan kuboklar nümayiş etdirilir. Digər otaqda isə Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasınının qrup mərhələsində çıxış edən komandamız və tarixi oyunlardan görüntülər ziyarətçilərə təqdim olunur.
“Neftçi”nin muzeyini ziyarət edəndə, Siz yalnız klubla bağlı deyil, ümumiyyətlə Azərbaycanda futbolun yaranması və tarixi haqda bir çox məlumatlarla tanış ola bilərsiniz. Burada vaxtilə futbolçuların geyindikləri butsı və oynadıqları topları əyani şəkildə görmək mümkündür.
“Neftçi” PFK-nın məqsədi muzeyi insanların, xüsusən də uşaqların asudə zamanlarını səmərəli keçirmələri üçün hər bir futbol azarkeşinin marağını cəlb edəcəyi, ölkə futbolu və klubumuz haqqında öyrənəcəyi bir mərkəzə çevirməkdir. Yeni istifadəyə veriləcək təlim-məşq bazamızda geniş ərazidə daha çox eksponotlardan ibarət muzey yaratmağı planlaşdırırıq. Hədəfimiz buranı ziyarət edənlərə futbolumuzun tarixi və klubumuz haqqında daha geniş məlumat vermək, eyni zamanda gələcək nəsilləri mirasımısla tanış etməkdir.
Öz keçmişini və tarixini bilməyən, bunu təbliğ etməyən, öyrətməyən və bununla öyünməyən klub uğur qazana bilməz. “Neftçi” PFK olaraq hər birinizi klubumuzun muzeyini ziyarət etməyə dəvət edirik.