7

Səmədağa Şıxlarov

  • Oynadığı dönəm:

    1974, 1977-1980, 1982-1984

  • Doğum tarixi:

    05.09.1955

  • Mövqeyi:

    Sol cinah hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Həmin vaxt Xıllı Neftçalanın inzibati ərazisi hesab edilirdi, amma sonradan Salyanın tabeçiliynə keçib. Xıllı Səmədağa müəllimin ana kəndidir, atası Məhəmməd kişi isə əslən Salyandan idi. Balaca Səmədağanın 2 yaşı olanda ailəsi Əli-Bayramlıya (indiki Şirvan) köçür. Qonşu olduqları “Neftçi”nin veteran futbolçusu Məmmədnağı Babayevlə tanışlıq onun futbola həvəsini daha da artırır. 1973-cü ildə Səmədağa məhz Babayevin təklifi ilə onun məşqçi kimi çalışdığı “Neftçi”nin hazırlıq qrupuna yazılır. Məmmədnağı müəllimin sayəsində Bakı Neft Emalı Zavodunda şagird kimi işə düzələn gənc “Neftçi”nin veteran futbolçusu Aleksey Zininin rəhbərlik etdiyi zavodun futbol komandası ilə Bakı birinciliyinə qatılır. Bundan yarım il sonra Respublika stadionunda işə düzələn Səmədağa orada həm işləyir, həm də məşq edir.

Şıxlarov ilin sonunda “Neftçi”nin əvəzedici komandasına çağırılır. Oyunu və qolları ilə məşqçiləri razı salan futbolçu daha sonra əsas komandaya qoşulur. Əvvəllər əsas komanda ilə məşq etsə də, əsasən əvəzedicilərin çempionat matçlarına çıxan Səmədağa 1974-cü ilin aprelində Sverdlovskun “Uralmaş” komandası ilə matçda debüt edir. 1974-cü il mövsümündə əsas komandada 10 oyun keçirsə də, əvəzedicilərin heyətində daha çox meydanda olur və qollara imza atır. 1975-ci ilin mayında isə SSRİ Futbol Federasiyasının qərarı ilə 1-ci dəstədə mübarizə aparan klubların əvəzedici komandaları ləğv edilir və əsas komandada işçi ştatı azaldılır. İxtisara düşən Şıxlarov İsgəndər Cavadovla birgə Sumqayıtın “Xəzər” klubunun baş məşqçisi Anatoli Banişevski tərəfindən dəvət alır. Lakin “Xəzər”də maaşların gecikdirilməsi və Bədən Tərbiyəsi İnstitutundakı təhsili ilə bağlı problemlər 1976-cı ildə hər iki gəncin veteran futbolçu Əli Əbilzadənin çalışdırdığı yeni yaranmış “Avtomobilçi”yə keçidinə səbəb olur. İlyarım Bakı klubunda çıxış edən cütlük 1977-ci ildə “Neftçi”yə qayıda bilir və artıq güclülər dəstəsində mübarizə aparan komandanın əsas üzvünə çevrilir. Ümumilikdə “Neftçi”də oynadığı 1974, 1977-1980, 1982-1984-cü illər ərzində 152 rəsmi oyunda 30 qol vuran “7 nömrə” bunlardan 4-nü SSRİ-nin ən yaxşı qapıçılarından sayılan “Spartak”ın əfsanəsi Rinat Dasayevin qapısından keçirib.

1980-1981-ci illərdə hərbi xidmətə görə birinci dəstədə mübarizə aparan Kiyev OİK-ində ilyarım oynayan hücumçu “Dinamo” (Gəncə, 1985, 1988), Çexiyadakı SSRİ Mərkəzləşdirilmiş Qoşun Dəstəsi komandası (1985-1987), “Çıraqqala” (Siyəzən, 1992) klublarında da forma geyinib, 1982-ci ildə dəvət aldığı SSRİ Olimpiya yığmasının heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

Futbolçu karyerasını bitirəndən bir müddət sonra məşqçiliyə başlayıb. 2004-cü ildə Ağasəlim Mircavadovun dəvəti ilə bir müddət “Neftçi-2”də çalışandan sonra 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin “Şirvan” komandasına baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında çempionluğu və kuboku qazanıb, UEFA-nın Həvəskarlar Liqasında iştirak edib. 2006-cı ildə Vaqif Qasımovun dəvəti ilə yüksək liqada mübarizə aparan Bakının “Olimpik” komandasına hücumçularla işləyən məşqçi vəzifəsinə təyin olunub. 2008-ci ildə AZAL-dan ayrılan Şıxlarov “Neftçi”də seleksiyaçı-məşqçi kimi işə düzəlib. Qısa müddət sonra “Neftçi”dən gedən Səmədağa müəllim yenidən AZAL-a çağırılıb. 2013-cü ildə “Neftçi”də baş məşqçinin köməkçisi, bir müddət sonra isə klubumuzun futbol akademiyasında seleksiyaçı-məşqçi vəzifəsini yerinə yetirib.

Səmədağa Şıxlarov 2021-ci il iyunun 1-də dünyasını dəyişib.