Əli Əbilzadə
-
Oynadığı dönəm:
1951-1960
-
Doğum tarixi:
1930
-
Mövqeyi:
Mərkəz hücumçusu
-
Vətəndaşlığı:
Azərbaycan
Əli Əbilzadənin küçə futbolundan usta komandayadək keçdiyi yol o qədər də uzun olmayıb. 16 yaşlı Əli 1946-cı ildə o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılır. İlk məşqdən sonra futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görür. Bu onun sevincinə səbəb olur. Axı o, qol vurmağı həm çox sevir, həm də bacarırdı. Üç ildən sonra «Neftyanik»ə dəvət edilir. Məşqçilər bu gənc hücumçunun komandamızın heyətində vurduğu qollarla azarkeşləri çox sevindirəcəyini gözləyirdi. Əli də ümidləri doğruldur. Leninabad şəhərinin komandası və İndoneziyanın yığma komandası ilə oyunlarda Əbilzadənin "het-trik”ə imza atması onun bombardirlik keyfiyyətinin göstəricisi olur.
Vaxtilə «Neftyanik»də bir yerdə oynamış idman ustası Çingiz İsmayılov Əlini çox gözəl və zarafatcıl insan kimi xatırlayır: «O, sonralar Bakının «Dinamo» komandasında məşqçi olanda məni də ora dəvət etmişdi. Əli yaxşı məşqçilik istedadına malik idi. O, oyunu çox gözəl başa düşürdü. Oyunun gedişində futbolçuları nə vaxt əvəzləməyi yaxşı bilirdi. Onun yerinə yetirdiyi əvəzetmədən sonra çox vaxt oyunda dönüş yaranırdı».
Əlinin ən yaxın dostlarından biri Azərbaycanın əməkdar jurnalisti, məşhur futbol şərhçisi Valid Sənani olub: «Neftçi»nin 1959-cu ildə Kamboca və Tailanda səfəri bizim dostluğumuza səbəb olub. O vaxt mən radionun «Xəbərlər» baş redaksiyasının müdiri işləyirdim. İdman xəbərlərini və «İdman» radiojurnalını bizim redaksiya hazırlayırdı. «Neftçi» səfərdən qayıdan günün ertəsi səfər haqqında danışmaq üçün biz Əlini radioya dəvət etdik. Əli rus məktəbini bitirdi üçün azərbaycanca sırf məhəllə dilində danışırdı. Buna görə onun üçün bir səhifə mətn yazdıq. Bunu senzura tələb edirdi. Sovet dövründə senzura mütləq verilişi oxuyur, sonra efirə icazə verirdi. Əli yazılı mətni çox çətinliklə oxuduğu üçün xahiş etdi ki, efirə verməyək, onu, özünün dediyi kimi, camaat arasında biabır etməyək. Mətni onun adından diktor oxudu. O gündən bizim yoldaşlığımız, daha sonra ailəvi dostluğumuz başladı. «Neftçi»nin oyunundan, komanda səfər matçlarından qayıdandan sonra mütləq ya bizim evdə, ya da onlarda görüşür, komanda qalib gələndə sevinclə, fəxrlə oyunun ən yaxşı məqamlarını yada salırdıq, uduzanda isə oyundan danışmamağa çalışırdıq. Əli məndən xahiş edirdi ki, onunla yalnız azərbaycanca danışım. Onun atası Bağır kişi vaxtilə Bakının məşhur qəssablarından idi. Buna görə də Çəmbərəkənddə Əlini qəssab Bağırın oğlu deyə çağırırdılar. Bir dəfə uşaq-gənclər nəşriyyatının baş redaktoru Hacı Hacıyevlə söhbət əsnasında «Neftyanik»in səfərlərindən söz düşdü və Hacı müəllim Əliyə təklif etdi ki, bu barədə kitab yazsın. Əli mənə müraciət etdi və birlikdə «Neftçi»nin səfərləri» kitabını yazdıq. Kitab futbol azarkeşləri arasında çox tez yayıldı. Əli Əbilzadə çox səmimi, nikbin, zarafatcıl, dostluğa sadiq bir insan idi. Əlini tanıyanlar onun xatirəsini həmişə hörmətlə yad edirlər. Allah ona rəhmət eləsin».
1961-ci ildə Boris Arkadyev Əbilzadəyə ikinci məşqçi olmağı təklif edir. O vaxt Əlinin 31 yaşı vardı. Bu yaş sovet futbolunda «qoca» hesab edilirdi. Əli gözləmədiyi bu təklifə çox sevinir. O, Arkadyev kimi məşqçinin köməkçisi olması ilə fəxr edir, ondan bacardıqca çox şey öyrənməyə çalışırdı. Bu da Əlinin sonrakı illərdə məşqçi kimi fəaliyyətində özünü göstərir. Sonralar respublikanın bir çox komandalarında baş məşqçi kimi sərbəst işləyir. «Göyəzən»in baş məşqçisi işləyən zaman onun alicənablığı bütün SSRİ-yə yayılır. Epizodların birində qazaxlı müdafiəçi gənc komanda yoldaşını sillə ilə vursa da, hakim bunu görmür. Amma bunu görən Əbilzadə müdafiəçini kənara çağırıb, paltardəyişmə otağına yollayır. Komanda isə qalan dəqiqələri azlıqda keçirmək məcburiyyətində qalır.
Əli Əbilzadənin baş məşqçi kimi sonuncu iş yeri Şamaxının «Şirvan» komandası olur. Amma o burada işini sona çatdıra bilmir. Aprelin 11-də Neftçalada yerli komanda ilə oyundakı qələbədən sonra Bakıya qayıdan keçmiş hücumçu bir neçə saatdan sonra evində qəfil ürəktutmasından vəfat edir.