Elbrus Abbasov
-
Oynadığı dönəm:
1975-1979
-
Doğum tarixi:
01.01.1950
-
Mövqeyi:
Mərkəz hücumçusu
-
Vətəndaşlığı:
Azərbaycan
Çoxları Elbrus Abbasovu Ağdamın “Qarabağ” klubuna bağlı olan bir şəxs kimi tanıyır ki, bu da təsadüfi deyil. Axı “Qarabağ”ın yaradıcılarından olan Elbrus Abbasov futbola doğma Ağdamda başlayıb, karyerasını bitirəndən sonra bir neçə dəfə komandanı çalışdıraraq onu Azərbaycan çempionu edib. Bununla belə, Elbrus futbolçu karyerasının ən yaxşı illərini məhz “Neftçi”də keçirib. Abbasovun “Neftçi”yə gəlişi Valentin Xlıstovun təşəbbüsü ilə olub ki, 1975-ci ilin əvvəllərində “ağ-qaralar”ı çalışdırmış mütəxəssis 24 yaşlı hücumçunu Gəncə “Dinamo”sundan dəvət edib. Elbrusun “Neftçi”dəki debütü SSRİ kubokuna təsadüf edib ki, bu turnirin 1/32 final mərhələsində Kutaisi “Torpedo”su ilə görüş 1:0 hesablı qələbəmizlə nəticələnib. Abbasovun “Neftçi”nin heyətində vurdğu ilk qol da elə 1975-ci ildə, ancaq artıq SSRİ çempionatında olub ki, hücumçu Bakıda Kişinyov “Nistru”sunu 3:0 hesabı ilə məğlub etdiyimiz oyunda fərqlənib.
Elbrus Abbasov üçün nəinki “Neftçi”də, futbolçu karyerası dövründə ən yaddalan, ən uğurlu oyun kimi 1976-cı ildə İvano-Frankovskda yerli “Spartak”la matçı qeyd etmək olar. Həmin görüşün nəticəsindən asılı olaraq “Neftçi”nin güclülər dəstəsinə vəsiqə qazanıb-qazanmayacağı bəlli olacaqdı. Komandamıza yalnız qələbə lazım idi ki, heç-heçə, yaxud məğlub olacağımız təqdirdə “Paxtakor” və “Kayrat” komandalarından biri bu vəsiqəyə sahib çıxacaqdı. Oyunun 80-ci dəqiqəsinədək “Neftçi” hesabda 2:1 irəlidə idi ki, ilk qolu məhz Elbrus Abbasov vurmuşdu. 90-cı dəqiqədə isə “Spartak” cərimə zərbəsindən sonra hesabı bərabərləşdirə bildi. Ancaq elə həmin dəqiqə, oyuna mərkəzdən başlayan kimi rəqibin gözləmədiyi halda Elbrus Abbasovun vurduğu qələbə qolu “Neftçi”ni SSRİ çempionatının güclülər dəstəsinə çıxardı.
Meydanda nizam-intizamı ilə seçilən futbolçulardan olan Elbrus Abbasov karyerası ərzində cəmi bir dəfə qırmızı vərəqə alıb. 1977-ci ildə Minsk “Dinamo”su ilə oyunda kutaisili hakim Bakanidze onu oyundan çıxarıb. Abbasovun futbolçu karyerasında başına gələn qeyri-adi hadisə də məhz “Neftçi”də çıxış etdiyi zaman baş verib. Çempionatın növbəti oyununu keçirdikdən sonra Mineralnı Vodı şəhərindən geri qayıdarkən təyyarəyə yubandığına görə Bakıya komandadan sonra qayıtmalı olub.
“Neftçi”də oynadığı 5 il ərzində rəqib qapılarından 46 top keçirən Elbrus Abbasov 1976-cı ildə 28 qolla SSRİ çempionatının birinci dəstəsinin ən məhsuldar hücumçusu olub. Anatoli Banişevski futboldan gedəndən sonra geyindiyi 9 nömrəli formanı daşımaq bunadək “Neftçi”də “11 nömrə”də çıxış etmiş Abbasova nəsib olub.
Elbrus Abbasov 2020-ci il dekabrın 14-də vəfat edib.