Vidadi Rzayev
-
Oynadığı dönəm:
1986-1991, 1995-1998, 2003-2005
-
Doğum tarixi:
04.09.1967
-
Mövqeyi:
Mərkəz yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
2004-cü ildə çempionat başa çatmış, komandamız Tbilisidə yerli “Dinamo” ilə yoldaşlıq görüşünə yollanmışdı. Mövsümü əla keçirən 37 yaşlı Vidadi Rzayev də heyətdəydi. Hələ 2 il əvvəl karyerasını bitirmək qərarına gələn, amma məşqçilərin israrından sonra bu qərarını təxirə salan “Vidoş”un çempion olduqdan sonra topla vidalaşacağı gözlənilsə də, o hələ özündə güc hiss edir, gənclərdən heç də geri qalmırdı. Tbilisidəki oyun zamanı ikinci qolu vuran Vidadinin adını diktor stadionda qeyd edəndə isə oyunu fəxri tribunada izləyən azarkeşlərdən biri «bu, 80-90-cı illərdə “Neftçi”də oynayan Rzayevin oğlu deyil ki” deyə, soruşdu. Amma meydanda gözəl qol vurmaqla yanaşı, heç kimdən geri qalmayan “18 nömrə”nin elə həmin Rzayevin özü olduğunu biləndə təəccübünü gizlədə bilmədi. Həqiqətən də belə idi, tanımayan heç kim kənardan baxıb Vidadinin veteran olduğunu deyə bilməzdi. Komandamıza gəldiyi gənclik vaxtlarında necə idisə, üstündən 20 il keçəndən sonra da elə həminki kimi sürətli, cəld idi. Amma daha təcrübəli və daha ağıllı. Hətta 2005-ci ildə “Neftçi”nin “Pünik” üzərində tarixi qələbəsində 20 yaşlı müdaifəiçini sürətlə ötüb keçərək ikinci qolu vurandan sonra 38 yaşlı Rzayev “hələ start sürətim ölməyib” deyirdi. O, yaddaqalan nəticələrinə əsasən “Neftçi”də imza atıb. İstər 1996-cı ilin avqustunda UEFA kubokunda komandamızın qitə kuboklarındakı ilk qələbəsini qazandığı matçda, istər yığmanın İsveçrə üzərində ilk qələbəsini qazandığı oyunda diqqət mərkəzində məhz Vidadi idi. 1996-cı ildə də ilin ən yaxşı futbolçusu sorğusunda hamının Vidadinin adını çəkməsində təəccüblü heç nə yox idi.
Əksər futbol mütəxəssislərinin fikrincə, Rzayev Avropanın aparıcı futbol ölkələrinin çempionatlarında oynamağa imkan verən keyfiyyətlərə malik idi. Amma “Vidoş” yalnız Türkiyə, İran və Rusiyaya yollanmaqla kifayətləndi. Həm də qısa müddətə. Ona yalnız çox sevdiyi, heç vaxt ayrılmaq istəmədiyi doğma Xanlar rayonundan uzaqda qala bilməməyi mane oldu. Məhz buna görə Rzayev heç vaxt ölkədən kənarda top qovmaq həvəsində olmayıb. Hətta karyerasının qürub çağında da ölkədən kənarda keçirilən təlim-məşq toplanışlarındakı oyunlar zamanı onu izləyən əcnəbi klub nümayəndələri yaşı ilə maraqlanandan sonra “heyf ki, bir az cavan deyil” deyir, təəssüflə başlarını yelləyirdilər. Vidadi isə sanki ikinci cavanlığını yaşayırdı. Hətta 2005-ci ildə “Birlik Kuboku”nun ən yaşlı futbolçusu olmasına baxmayaraq, münsiflər heyətinin yekdil rəyi ilə turnirin ən yaxşı futbolçusu seçildi.
Çoxları üçün Vidadinin sonadək “formada qalmasının” səbəbləri sirr idi. Özü isə “burada sirr yoxdur, sadəcə, daim məşq etmək lazımdır” desə də, sirr onun prinsipiallığında idi. Kimdənsə geri qalmamaq, cavanlardan zəif olmamaq prinsipi onu bəlkə də 20 yaşındakından da artıq məşq etməyə məcbur edirdi. Necə ki uzun illər əvvəl prinsipə düşüb futbolçu olmağa qərar vermişdi. Kiçik yaşlarında digər uşaqlar kimi rayondakı futbol bölməsinə yazılmaq həvəsi ilə stadiona yollanan “Vidoş”a elə birinci məşqdən sonra məşqçisi cılız olduğunu əsas gətirib “səndən futbolçu olmayacaq” deyəndə, heç kimin ağlına gəlməzdi ki, bu uşaq haralara gedib çıxacaq. Vidadi isə özünün dediyi kimi, “o məşqçinin acığına” futbolçu olmağı qarşısına məqsəd qoydu və cəmi 19 yaşında Respublikanın bir nömrəli komandasına cəlb olundu.