Sergey Kramarenko
-
Oynadığı dönəm:
1964-1984
-
Doğum tarixi:
27.05.1946
-
Mövqeyi:
Qapıçı
-
Vətəndaşlığı:
Azərbaycan
Azərbaycan futbol tarixinin "bir nömrə"si sözsüz ki, Sergey Kramarenkodur. 1946-ci il may ayının 27-də Gəncədə doğulan Kramarenko yerli “Dinamo”dan sonra kiçik fasilələrlə 20 il bir nömrəli komandanın - "Neftçi"nin qapısını qoruyub. Qolkiperi bir çoxundan "ağ-qaralar"a olan sevgi fərqləndirir.
Kramarenkonun "Neftçi"ni sonuncu dəfə tərk etməsi sanki dünən olub. 1993-cü ildə doğma komandaya sevgisinin təcəssümü kimi çətin vəziyyətdə olan "Neftçi"nin sükanı arxasına keçib, elə bu sevgiyə görə də oranı tərk edib. Baş məşqçi və heyətin 12 futbolçusu gedəndən sonra çətin məsuliyyəti üzərinə götürüb komandanı yenidən formalaşdırdığı, flaqmana ilk Superkuboku qazandırdığı 1993-cü il mövsümünü sona da çatdırmayıb. Ölkə kubokunun "Qarabağ"la matçında hakim haqsızlığına yox, "Neftçi"nin haqqının tapdanmasına göz yuma bilməyib. Referinin «dərsini verən», oyunçuları sakitləşdirmək üçün meydana daxil olan Sergey Sergeyeviç özü hakimə əl qaldırıb. Cəzalandırılacağını, futboldan kənarlaşdırılacağını göz önünə gətirsə də, komandasının haqqı onun üçün daha yüksək idi. Bu onun "Neftçi"dən son gedişi idi.
O, qapıçı olduğu illərdə də beləydi - "Neftçi"nin hüququnu qorumaq üçün cəzadan belə çəkinmirdi. 18 yaşında respublikanın əsas komandasına gəlib, iki ilə əsas qapıçı olmağı bacaran və həmin il bürünc medala sevinən Kramarenkonun "Neftçi"dən ilk ayrılığına da bu səbəb olub. 1971-ci ildə flaqmana qarşı hakimin etdiyi haqsızlıqlar artıq təcrübəli sayılan qapıçını özündən çıxarıb. Rostovda OİK-lə matçda hakimə vurduğu iki yumruq onu futboldan üç illik kənarlaşdırmaq istəyənlərə əsas verib. Kramarenkosuz ilk mövsümdəcə "Neftçi" birinci dəstəyə yuvarlanıb. Cəzası yüngülləşdirilən qapıçı komandaya dönsə də, tezliklə elita klubu "Çernomorest"ə keçməklə komandadan ayrılıb.
"Neftçi" güclülər dəstəsinə qayıdandan sonra Kramarenko Əhməd Ələsgərovun yanından vətənə üz tutub: üçüncü dəfə "Neftçi"dən ayrılmaq üçün. Amma bu dəfə karyerasını bitirmək istəyən qolkiper qısa müddət Lənkəranda oynayandan sonra doğma komandasına dönərək qapıçıların məşqçisi olub. Tezliklə meydana qayıtmaq məcburiyyəti onu daha iki il komandaya bağlayıb və “Neftçi”də keçirdiyi oyunların sayını 412-yə çatdıraraq rekordçu olub. Elə sonralar da "Neftçi"də məşqçi kimi illər keçirən Kramarenko baş məşqçi zirvəsindən "ağ-qara" rənglərdə ayrılıb.
"Neftçi"nin qapısı cəmi 8 il Kramarenkosuz qalıb. İlk milli çempionatda Sergey Sergeyeviçin oğlu Dmitri komandanın əsas heyətində oynayıb və ilk Azərbaycan çempionatının qalibi olub.
Sergey Kramarenko 2008-ci il mart ayının 25-də Moskvada vəfat edib.