İsgəndər Cavadov

  • Oynadığı dönəm:

    1977-1988

  • Doğum tarixi:

    20.09.1956

  • Mövqeyi:

    Sol cinah hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

«Neftçi»nin tərkibində tanınmış, azarkeşlər arasında sevilən futbolçular çox olub. Amma qardaşlar dueti, həm də hər ikisinin azarkeşlər arasında eyni dərəcədə rəğbət qazanması nadir hadisələrdəndir. Cavadov qardaşları məhz «Neftçi»nin belə nadir qardaş duetlərindən idi.

Ümumiyyətlə, Cavadovları idmançı ailəsi saymaq olar. Ataları Cavad fəhlə işləsə də, idmana böyük maraq göstərirdi. Bu da səbəbsiz deyildi. Gəncliyində futbolçu olmaq istəyən Cavad arzusuna çatmamışdı. Lakin futbola, ümumilikdə idmana sevgini uşaqlarına aşılaya bilmişdi. Onun 9 övladından 8-i aktiv idmanla məşğul olub. Bunlardan 2-si sonradan Azərbaycan futbolunda ad çıxarmış Füzuli və İsgəndər Cavadovlardır.

Füzuli futbolda ilk addımlarını gec atıb. 12 yaşında Bakıxanov qəsəbə stadionunda Şirəli Şirəliyevin rəhbərliyi altında futbolun sirrlərinə yiyələnməyə başlayır. İllər ötdükcə futbola gec başladığından «Neftçi»yə düşməyin çətinliyini anlayıb vətəni tərk edərək, karyerasını Rostov vilayətində davam etdirir. Füzulinin özündən böyük iki qardaşı orada top qovurdu. Onlar həm də vilayətdə kifayət qədər ad-san qazanmışdılar. Məhz qardaşlarının himayədarlığı nəticəsində Füzuli yerli şəraitə tez uyğunlaşa bilir.

Vilayət birinciliyində çıxış edən futbolçunun bacarığı ətrafa yayılır və o tezliklə şəhərin əsas komandası olan OİK-ə dəvət edilir. Beləliklə, Füzulinin futbolçu olmaq arzusu gerçəkləşir. Hətta 1972-ci ildə OİK-in heyətində güclülər dəstəsində debüt etməyi də bacarır. Elə həmin il «Neftçi» güclülər dəstəsini tərk edir. «Neftçi»nin tezliklə geri dönməsi üçün heyəti gücləndirməyə başlayırlar. Buna görə də kənarda oynayan Azərbaycan futbol məktəbinin yetirmələrini respublikaya dəvət edirlər. Dəvət olunanlar arasında Füzuli də olur. O, «Neftçi»də oynadığı ilk mövsümdə komandanın əsas fiqurlarından birinə çevrilə bilir və ardıcıl üç mövsüm komandanın lideri olur. Həm hücumçu, həm də yarımmüdafiəçi kimi oynadığından, Füzuli əsl bombardirlik keyfiyyətini üzə çıxara bilmir. Hərçənd sürəti və başla gözəl oyunu buna yaxşı imkan yaradırdı. «Neftçi»nin güclülər dəstəsinə qayıdışından sonra da o, öz liderlik keyfiyyətini göstərməkdə davam edir. Ancaq 1979-cu ildə komandaya Əhməd Ələsgərovun baş məşqçi gəlməsi onun «Neftçi»dəki çıxışlarına son qoyur. Ələsgərovun «Neftçi»də yenidənqurma işləri aparması nəticəsində bir çox oyunçular komandadan xaric edilir. Baş məşqçi özünü sığortalamaq üçün Füzulini yanına çağırıb deyir: «Komandada Cavadovlardan yalnız biri qalmalıdır». Füzuli qardaşının futbolçu karyerasına mane olmamaq üçün «Neftçi»ni tərk edir. Lakin futbol oynamaq üçün yenidən respublikanı tərk edir. Beləliklə, futbolçu karyerasını vətəndən kənarda başlayan Füzuli onu vətəndən kənarda da bitirmək məcburiyyətində qalır.

Füzulidən fərqli olaraq, İsgəndər futbolla uşaq yaşlarından məşğul olmağa başlayır. Buna səbəb isə özündən yaşca böyük üç qardaşının bu idman növü ilə bağlılığı idi. İsgəndər futbolun incəliklərini Eduard Cəbrayılovun rəhbərlik etdiyi qrupda öyrənməyə başlayır. Sonra isə bu idman növü ilə 6 nömrəli idman-internat məktəbində məşğul olur. Tezliklə onu «Neftçi»nin əvəzedici heyətinə götürürlər. Lakin ilk təlim-məşq toplanışından sonra komandadan xaric edilir. Belə olan halda İsgəndər SSRİ birinciliyinin 2-ci liqasının 9-cu zonasında çıxış edən Sumqayıtın «Xəzər» klubuna keçir. Uğursuz mövsümdən sonra komanda dağıldığına görə o, «Avtomobilçi»yə (Bakı) üz tutur. 1976-cı ildə Cavadov yenidən «Neftçi»nin əvəzedici heyətinə dəvət alır və tezliklə komandanın kapitanı olur.

İsgəndərin əsas heyətdəki debütü isə 1977-ci ilə təsadüf edir. Baş məşqçi Gennadi Bondarenko Cavadovun perspektivini görərək onu «Şaxtyor»la səfər oyununun sonlarında meydana buraxır. Bu həm də Cavadov qardaşlarının ilk dəfə eyni anda meydanda olmaları idi.

İsgəndər 1978-ci ildən başlayaraq komandada 4 il ardıcıl uğurlu mövsümlər keçirir. Hətta «Neftçi»dəki baş məşqçi dəyişiklikləri də onun oyununa təsir etmirdi. Artıq digər komandalardan ona təkliflər gəlməyə başlayır və Cavadov Moskva «Dinamo»suna keçir. O, «Dinamo»nun heyətində UEFA kubokunda Polşanın «Şlensk» klubunun qapısından top da keçirir. SSRİ yığmasına düşmək perspektivinə baxmayaraq, onun Moskvadakı çıxışları çox çəkmir. Moskvada Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovla görüş zamanı isə futbolçuya respublikanın çoxsaylı azarkeşlərinin xahişi ilə doğma kluba qayıtmaq təklif olunur. Oyunçu geri qayıtmaq istəsə də, «Dinamo» onu buraxmır. Belədə, bu, Sov.İKP MK Siyasi Bürasunun üzvü Heydər Əliyevin işə qarışması nəticəsində mümkün olur.

İsgəndər Cavadov «Neftçi»yə döndükdən sonra yenidən əsl liderə çevrilir. Kapitan kimi komanda yoldaşlarını arxasınca aparmağı bacaran Cavadov SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzedilmədən keçirərək «Neftçi»nin rekordçusu olur.

Keçən əsrin 80-ci illərində İsgəndər Cavadov-Maşallah Əhmədov-İqor Ponomaryov «üçlüy»ü nəinki respublikamıza, hətta bütün İttifaqa səs salmışdı. Məhz bu möhtəşəm «üçlük» istənilən oyunun taleyini həll etməyə qadir idi. Bu «üçlüy»ün sivri ucunda isə məhz Cavadov dururdu.

İsgəndər SSRİ çempionatının görüşlərinin birində tullanaraq, topu başının üzərindən qayçıvari hərəkətlə qapıdan keçirir. Lakin «mövsümün ən yaxşı qolu» müsabiqəsində münsiflər heyətinin rəhbəri Nikita Simonyan futboldankənar səbəblərə görə bu topu hətta turun ən yaxşı qolları siyahısına da daxil etmir.

«Neftçi»nin Güclülər dəstəsindən düşməsi ilə bərabər İsgəndər də futbolla vidalaşır. SSRİ çempionatının güclülər dəstəsində vurduğu 53 qol sayəsində o, SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşür.

Futbolçu karyerasının başa vurandan sonra Cavadov ADU-nun (indiki BDU) hüquq fakültəsini bitirərək başqa sahədə çalışmağa başlayır. Bunun nəticəsində o, bir müddət futboldan kənar qalır. Lakin futbola sevgi onu yenidən bu sahəyə qaytarır.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan İsgəndər Cavadov 2006-cı ildə «Şöhrət ordeni» ilə təltif olunub.