Yuri Kuznetsov
-
Oynadığı dönəm:
1952-1955, 1960-1965
-
Doğum tarixi:
02.08.1931
-
Mövqeyi:
Sağ cinah yarımmüdafiəçisi
-
Vətəndaşlığı:
Azərbaycan
"Neftçi”nin əfsanəvi futbolçularından sayılan Yuri Kuznetsov gözlərini futbolçu ailəsində açıb. Onun atası Konstantin Kuznetsov Sovet hakimiyyətinin ilk illərində nəinki Azərbaycanın, ümumiyyətlə, Zaqafqaziyanın güclü futbolçularından hesab edilirdi. O, həmin dövrün ən güclü komandası olan «Proqress»də oynayırdı. Konstantini mütəmadi olaraq Zaqafqaziya yığmasına da cəlb edirdilər. Futbolçu karyerasını bitirəndən sonra isə məşqçilik fəaliyyətinə başlayır. O, müharibədən əvvəl «Neftyanik»in baş məşqçisi vəzifəsində çalışmağa da macal tapır. Komanda onun rəhbərliyi altında Bakı və Respublika çempionatının mükafatçıları sırasına düşür.
Oğlu Yura isə 1931-ci ildə Zabrat qəsəbəsində anadan olur. Onun uşaqlıq illəri ağır müharibə dövrünə təsadüf edir. Bütün ölkədə olduğu kimi, Bakıda da «Hər şey cəbhə üçün» şüarı əsas götürülür, futbol, ümumiyyətlə, idman arxa plana keçir. Lakin zamanın ağır sınağına baxmayaraq, elə Zabratın tozlu küçələrində, çirkli buruqlar arasında balaca uşaqlar, o cümlədən Yura da top qovur. O, ilk futbol dərslərini, təlimləri məhz Zabratda alır. 1946-cı ildə texniki peşə məktəbinə daxil olan Yura «təşkilati futbol»la tanış olur. Ehtiyat Əmək Qüvvələrinin gənclər komandasına götürülən Kuznetsov 1948-ci ildə Kirovabadda bədən tərbiyəsi texnikomuna qəbul olunur. Məhz elə bu səbəbdən də futbol fəaliyyətini Kirovabadın «Dinamo» komandasında davam etdirir. Texnikumu qurtarana kimi, yəni 1951-ci ilə qədər elə Kirovabadda qalır. Təhsili başa çatandan sonra ordu sıralarına çağırılır. Hərbi komissarlıq onu Türkmənistana göndərmək qərarına gəlir. Lakin son anda Bakı Dairə Zabitlər Evi komandasına dəvət alır. Bununla da futboldan uzaq düşmür, sevimli peşəsi ilə məşğul olur və oyunu ilə mütəxəssislərin də diqqətini cəlb etməyə başlayır.
1952-ci il futbol mövsümünün başlaması ərəfəsində gənc istedadlara baxış məqsədilə "Neftyanik" və Bakı yığması arasında yoldaşlıq matçı keçirilir. Bu görüşdə göstərdyi oyuna görə Yuranı "Neftyanik"in heyətinə cəlb edirlər. Bununla da onun böyük futbolçu karyerası başlayır. Debüt ilində komandaya tam uyğunlaşa bilir, demək olar ki, bütün oyunlarda meydana çıxır. Yuri Kuznetsov Ələkbər Məmmədovla birgə komandada hücum tandemi yaradır. Məhz onun dəqiq ötürmələrindən sonra Ələkbər rəqib qapıçılarını məyus edə bilir. Məmmədov Moskva «Dinamo»suna keçəndən sonra isə Yura komandanın əsl liderinə çevrilir. Məhz onun ideal oyunu sayəsində «Neftyanik» 1954-cü ildə ilk mərhələni lider kimi başa vuraraq final mərhələsinə adlayır. Donetskdəki final mərhələsində isə komanda üçüncü yeri tutmaqla güclülər dəstəsinin bir addımlığında qalır. Ancaq Yuranın oyunu nəzərdən qaçmır. Final mərhələsindən sonra SSRİ yığmasının ikinci məşqçisi Konstantin Beskov ona yaxınlaşıb, yığmaya dəvət edir. Bu, SSRİ futbolunda görünməmiş iş idi. B sinfindən əsas yığmaya düşmək məhz ilk dəfə Yuri Kuznetsova nəsib olur.
Bununla da o, 1955-ci ilin əvvəlində yığmanın tərkibində Hindistanla oyunlarda meydana çıxır və iki matçda üç qol vura bilir. Yığma Hindistan səfərindən qayıdan kimi əvvəlcə Moskva «Torpedo»su onu heyətində görmək istəyir. Hətta, o vaxt komandanın baş məşqçisi olan Y.Morozov və Moskva həmkarlar təşkilatının kuratoru K.Yeliseyev də işə qarışır. Lakin Yura bu təklifləri rədd edərək doğma Bakıya qayıdır və 1955-ci il mövsümünə «Neftyanik»də başlayır. Ancaq digər klublar ondan əl çəkmirlər. Belədə, «Böyük qardaşlarımızın» məkrli siyasəti işə düşür. 1955-ci ilin avqust ayında Bakıya SSRİ İdman Komitəsinin sədri S.Romanovun şəxsi imzası ilə dövlət teleqramı daxil olur. Orada «Dinamo»nu (Moskva) «Milan»la yoldaşlıq görüşündə gücləndirmək üçün Kuznetsovun təcili olaraq paytaxta gəlməsi tələb edilir. Beləcə, Yura Moskvaya «Milan»la oyuna getməli olur və «Dinamo»ya keçir. Orada Kuznetsovdan keçidə razı olmağı tələb edirlər. Hətta, SSRİ İdman Komitəsi futbol şöbəsinin rəisi Antipenok işə qarışır və Yuraya hər şeyin qaydalar çərçivəsində olacağını, onun «Dinamo»ya keçidinin yığma naminə olduğunu önə çəkir. Lakin Bakıya teleqram vurulur ki, guya Kuznetsovun «Dinamo»ya keçidinə onun şəxsi ərizəsinə uyğun olaraq icazə verilib. Beləliklə, Yuri Kuznetsov 1955-ci ilin avqustunda Moskva «Dinamo»suna keçir və orada da öz məharətini göstərə bilir.
Görkəmli Sovet yazıçısı Lev Kassil onun oyunu haqda bu fikri deyib: «Kuznetsovun hər ötürməsi, O.Henrinin əsərlərinin sonluğuna bənzəyir. Onu heç vaxt başa düşmək mümkün deyil». Həqiqətən də Kuznetsovun ötürmələrini rəqiblər anlaya bilmirdi. Yalnız oyundaşları onu başa düşür, ötürmə anında lazımi mövqedə dura bilirdilər. Məşqçilər onu sırf hücumçu kimi oynatmırdılar, məhz gözlənilməz ötürmələrinə görə bir qədər arxaya çəkirdilər.
1960-cı ildə «Neftyanik» güclülər dəstəsinə qayıdandan sonra isə Yura öz dostu Ələkbər Məmmədovla birgə komandaya dönür. Təcrübəsi ilə gənc oyundaşlarının işinə yarayır. Gənc futbolçular - Eduard Markarov, Valeri Hacıyev, Vladimir Bruxti və Anatoli Banişevski məhz onun təcrübəsi sayəsində püxtələşirlər.
Kuznetsov yaşının çoxluğuna baxmayaraq, komandanın gənc üzvlərini arxasınca aparmağı bacarır, əsl lider ola bilir. 1962-ci ildə ona «Əməkdar idman ustası» adı verilir. O, futbolçu karyerasına 1965-ci ildə elə «Neftyanik»də son qoyur. Yuri Kuznetsovun komandaya növbəti qayıdışı daha uzun çəkir. Futbolçu karyerasını başa vurandan sonra məşqçilik fəaliyyətinə başlayır. Bu səbəbdən də Moskvaya köçür. Yalnız 1988-ci ildə o, Bakıya dönərək «Neftçi»nin baş məşqçisi olur. Atasından fərqli olaraq, onun məşqçilik karyerası yaxşı alınmır. Məhz onun fəaliyyəti dövründə komanda güclülər dəstəsini tərk edir. Buna baxmayaraq, o həmişə futbolsevərlərin xatirəsində «Neftçi»nin virtouz futbolçusu kimi qalıb.
Yuri Kuznetsov 2016-cı il martın 4-də dünyasını dəyişib.