İqor Ponomaryov

  • Oynadığı dönəm:

    1978-1981, 1983-1989

  • Doğum tarixi:

    24.02.1960

  • Mövqeyi:

    Mərkəz yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

«Neftçi»nin heyətində həmişə 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirməyi bacaran mahir futbolçular olub. Valeri Hacıyev, Əli Rəhmanov və Asif Əliyevi bu kateqoriyaya aid etmək olar. Ancaq İqor Ponomaryov nəinki «Neftçi»nin, bütün SSRİ futbolunun sərrast penalti ustası idi. Onun karyerası ərzində 11 metrlik nöqtədən vurduğu 33 zərbədən 31-i dəqiq olub. Bunlardan 24-nü ardıcıl yerinə yetirib. Məhz bu göstəriciyə görə Ponomaryov «Çernomorets»li Ploskinanı qabaqlayaraq keçmiş İttifaqın rekordçusu olub. 1981-ci ildə Bakıda «Zenit»lə görüşdə sonuncu dəfə penaltidən yararlana bilməyən İqorun bundan sonra vurduğu 24 zərbənin hamısı qolla nəticələnib. Rekorda isə 1988-ci ildə «Neftçi» - «Lokomotiv» oyununda çatıb. Bu müddətdə Viktor Çanov, Otar Qabeliya, Rinat Dasayev və bir çox başqa güclü qapıçılar onun zərbələrindən sonra topu qapılarından çıxarmağa məcbur olublar.

Ponomaryovu əsl bakılı hesab etmək olar. Onun əcdadları hələ ötən əsrdə Rusiyadakı aclıq illərində Bakıya köçmüşdülər. İqorun özü kimi atası da Bakıda anadan olmuş, zavodda fəhlə işləmişdi. Onda futbola marağı da atası yaradıb. Məhz atasının səyi nəticəsində İqor 1969-cu ildə «Strela» uşaq komandasına yazılır. Burada məşqçi Vaqif Axundov onun ilk futbol müəllimi olur. 13 yaşında isə Ənvər Quliyevin başçılıq etdiyi «Spartak» cəmiyyətinə keçir. Lakin burada bir il məşq edəndən sonra gözlənilmədən futbolu atıb, texnikuma qəbul olmaq istəyir. Amma Ənvər Quliyevin təkidi, həm də Azərbaycan yığmasına çağırılması onu fikrindən daşındırır.

Gennadi Bondarenkonun «Neftçi»yə dəvət etdiyi perspektivli gənclərin arasında Ponomaryov da olur. Onun komandadakı debütü isə 1978-ci ildə «Şaxtyor»la Donetskdə keçirilən SSRİ kubokunun 1/4 final mərhələsinə təsadüf edir. Ponomaryov həmin dövrü belə xatırlayır: «Əli Rəhmanov və Rafiq Quliyevlə təmasda olmağım mənə çox şey verdi. Məhz onların köməyi sayəsində kollektivə tez alışdım, onun əsl üzvü ola bildim».

Ponomaryovun nəinki «Neftçi»də, ümumilikdə böyük futbolda ilk addımları uğurlu alınır. Debüt ilindəcə SSRİ yığmasının tərkibində 18 yaşlılar arasında Avropa çempionu olur. Bir il sonra isə gənclər arasında ilk dəfə keçirilən dünya çempionatında digər bakılı Vladimir Mixaylevski ilə birgə gümüş medala layiq görülür.

Ponomaryov artıq «Neftçi»nin əsas oyunçusuna çevrilirdi. Gənc futbolçunun parlaması tezliklə digər klubların diqqətini cəlb etməyə başlayır. Onu 1980-ci ildə Argentina ilə oyun üçün SSRİ yığmasına dəvət edirlər. O zaman komandanın baş məşqçisi olan Konstantin Beskov oyundan sonra İqora yaxınlaşıb «Spartak»a keçməyi təklif edir, Moskva klubuna keçəcəyi halda həm də yığmaya yolunun açıq olacağını önə çəkir. Lakin İqor bu təklifi rədd edərək «Neftçi»yə sadiq qalır. Bu hərəkəti onun yığmaya yolunu birdəfəlik bağlayır. Amma Beskovun bacarmadığı işin öhdəsindən sonralar Moskva hərbçiləri gəlir. Ponomaryovun idman institutunu bitirməsi ilə hərbi xidməti güzəşti də bitmiş olur. Əvvəlcə onu Moskva «Dinamo»su öz heyətində görmək istəyir. Sonra paytaxt hərbçiləri işə qarışırlar. Onlar hətta «Neftçi» rəhbərliyini «əgər Ponomaryovu xoşluqla buraxmasanız, komandanızın yarısını hərbi xidmətə çağıracağıq» deyə, qorxudurlar.

Beləliklə, İqor «Neftçi»ni «silah gücü»nə tərk edərək, 1982-ci ildə OMİK-ə keçməli olur. Bir ildən sonra yenidən doğma komandasına qayıtmaq istəyən Ponomaryova OMİK rəhbərliyi imkan vermir. Belədə, «Neftçi»ni həmişə diqqət mərkəzində saxlayan Heydər Əliyev işə qarışır. Yalnız bundan sonra Ponomaryov Bakıya qayıda bilir. «Neftçi»yə dönüşündən sonra komandanın aparıcı üzvünə çevrilir. Yarımmüdafiədə oynamasına baxmayaraq, məhz həmin – 1983-cü ildə mövsüm ərzində komandanın ən çox qol vuran futbolçusu olur. Məhz onun yarımmüdafiədəki gözəl oyunu, dəqiq ötürmələri nəticəsində Banişevski-Markarov-Tuayevdən sonra Ponomaryov-Əhmədov-Cavadov «üçlüy»ü yaranır. Bu «üçlük» 1985-ci il mövsümündə unikal göstəriciyə nail olur, «Neftçi»nin rəqib qapılarından keçirdiyi 30 topdan 26-na imza atır. Ponomaryov isə növbəti mövsüm 10 qolla «Neftçi»nin ən yaxşı bombardiri olur.

Ponomaryovun karyerasının zirvəsi isə 1988-ci ilə təsadüf edir. «Neftçi»nin güclülər dəstəsindəki yerini qorumaq uğrunda gedən mübarizəsinə baxmayaraq, onun oyunu mütəxəssislərin nəzərindən yayınmır və o, SSRİ olimpiya yığmasının baş məşqçisi Anatoli Bışovets tərəfindən dəvət alır. Düzdür, zədə səbəbindən Olimpiada-88-in final oyunlarında yalnız bir dəfə meydana çıxır. Buna baxmayaraq, yığmadakı komanda yoldaşları kimi, o da sonda qızıl medala layiq görülür. Bununla da Ponomaryov Azərbaycanın futbol üzrə ilk və yeganə olimpiya çempionu olur.

İqorun «Neftçi»dəki son oyunu da debüt matçındakı kimi kubok yarışına təsadüf edir. 1989-cu ildə Minsk «Dinamo»su ilə kubok oyununda sonuncu dəfə «Neftçi»nin formasını geyinir. Daha sonra karyerasını davam etdirmək üçün İsveçə yollanan Ponomaryov «Neftçi»nin tarixinə Olimpiya çempionu və penalti rekordçusu kimi düşüb.