Emin Əmrullayev
-
Çalışmağa başladığı il:
30.11.2022
-
Doğum tarixi:
30.12.1982
Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010-2012-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2005-2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb. 2009-2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçib. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 2013-cü ildə “Kaspi Education” MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb. 2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlayıb, 2013-2014-cü illərdə sektor müdiri, 2014-2015-ci illərdə şöbə müdirinin müavini, 2015-2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.
Emin Əmrullayev hazırda elm və təhsil naziri olaraq əmək fəaliyyətini davam etdirir.
30 noyabr 2022-ci ildən “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.