“Futbolçuların üzərində psixoloji cəhətdən çox böyük təzyiq var ki, bu da onları sıxır”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 8-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
“Biz qələbə qazanmağa daha yaxın idik, amma futbolda belə şeylər olur. Hazırda hamımız yalnız qələbə haqda düşünürük. Çünki bu, “Neftçi” üçün çox vacibdir. “Neftçi Arena” dəyişilib, bu stadionu çox bəyənirəm. Azarkeşlər, burada yaradılan atmosfer də çox xoşuma gəlir. Göstərdiyimiz oyun və nəticələr isə bunlardan çox geri qalır. Oyunumuzu yaxşılaşdırmalı və xallar qazanmalıyıq ki, bunu da yalnız əzmlə çalışmaqla əldə etmək olar. Futbolçuların üzərində psixoloji cəhətdən çox böyük təzyiq var ki, bu da onları sıxır. Düşünürəm ki, məhz psixoloji baxımdan daha da yaxşı olmalıyıq. Qazanacağımız bir qələbədən sonra futbolçularımızın hər biri daha yaxşı oynayacaq. “Neftçi”nin tarixi, adı brenddir. Təbii ki, nəticə də klubun adına layiq olmalıdır. 8 oyunda qələbə qazana bilməyəcəyimiz ağlıma gəlməzdi. Emin Mahmudovun yüngül zədəsi var və həkimlərin proqnozuna görə, gələn həftədən komanda ilə məşqlərə qoşulacaq. Azarkeşlər qarşısında özümü borclu hiss edirəm, amma bilirəm ki, bir qələbə qazansaq, komanda daha da yaxşı oynayacaq. Hazırkı vəziyyətimiz məni çox məyus edir və qarşıda qazanacağımız hər bir qələbə yalnız azarkeşlərimizə həsr olunacaq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: