VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib

20 iyun 2024, 14:07

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

Şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov, "Neftçi" PFK-nın mətbuat katibi Emin Əfəndi və digər qonaqlar iştirak ediblər.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.