Adrian Mutu: “Buraya qələbə qazanmaq üçün gəlmişik”
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 17-si Bakı vaxtı ilə saat 22:00-da “Beşiktaş” stadionunda keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Yuri Matiasın iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Bilirik ki, bizi çətin oyun gözləyir, amma Konfrans Liqasında bu cür görüşlər keçirmək çox yaxşı hissdir. Təbii ki, iki top fərqini aradan qaldırmalıyıq. Rəqibimiz çox güclü olsa da, sabah bunun öhdəsindən gəlməyə çalışacağıq”.
Sonra Yuri Matias danışıb: “Çətin oyun olacaq. “Beşiktaş” güclü komandadır, amma bu cür rəqibə qarşı oynamaq xoşdur. Düşünürəm ki, futbolda hər şey mümkündür və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Braziliyalı futbolçunun jurnalistlərin suallarına cavabı belə olub: “İlk oyunda buraxdığımız qollar təkcə müdafiə xəttinin deyil, bütün komandanın səhvi idi. İkinci hissədə heç olmasa hesabı bərabərləşdirmək üçün yaratdığımız çoxsaylı qol epizodlarını da unutmaq olmaz. Təbii ki, buraxdığımız qollar ilk oyunun nəticəsini həll etdi. Səhvlərimizi dərk edirik və sabah səhvsiz oynamağa çalışacağıq”.
Daha sonra Adrian Mutu media nümayəndələrinin suallarını cavablandırıb: “Beşiktaş”la qarşılaşacağımız bilinəndə artıq bizi hesabdan silmişdilər. İlk oyunda məğlub olmağımıza baxmayaraq, futbolda hər şey mümkündür. Başa düşürük ki, iki top fərqini aradan qaldırmalıyıq. Sabahkı matçda azarkeşlərimizə və geyindiyimiz formanın rənglərinə hörmət əlaməti olaraq əlimizdən gələni edəcəyik. Adətən bu cür komandalarla Konfrans Liqasında deyil, Çempionlar Liqasında qarşılaşmaq olur. Zədəliləri çıxmaq şərtilə, demək olar, eyni heyətlə mübarizə aparacağıq. Heyətimiz geniş deyil, yeni transferlərin olacağı gözlənilir. İki cəbhədə mübarizə aparmaq üçün geniş heyətə malik olmaq lazımdır. Bu vəziyyətdən yaxşı şəkildə çıxmağa çalışırıq. Biz buradayıqsa, deməli, buraya qələbə qazanmaq üçün gəlmişik. “Səbail”lə oyundan sonra yalnız bərpa məşqinə vaxtımız olub. Buna görə də bu gün “Beşiktaş”la matça hazırlıq çərçivəsində ilk məşqə çıxacağıq. Vaxt qıtlığı olduğu üçün “Sabah”la oyuna da eyni qaydada hazırlaşacağıq. Sabah “Beşiktaş”la ilk matçın ikinci hissəsində oynayan “Neftçi”ni görmək istəyirəm. Çalışacağıq öz üslubumuzda oynayaq. Seçdiyin üslubu yaxşılaşdırmaq istəyirsənsə, rəqibdən asılı olmayaraq eyni üslubda oynamağa davam etməlisən. Heyətimizdə o qədər də çox futbolçu yoxdur deyə, bu sual qarşısında mat qaldım. Elə bir məqam yaranıb ki, hansı heyətlə çıxış edəcəyimizi baxıb çözmək olar. Bizim də heyətimiz gələcəkdə “Beşiktaş”ın heyəti kimi geniş olsa, daha yaxşı çıxış edib, daha yaxşı nəticələr qazanarıq. Heyətdə gənc futbolçularımız çoxdur, amma iki top fərqini aradan qaldırmaq üçün əsasən təcrübəlilərdən istifadə etməliyik. Çox məqama nəzər yetirməliyik, heç də asan olmayacaq. Nəticədən asılı olmayaraq var gücümüzü ortaya qoyacağıq. Köklənib istədiyimiz oyunu göstərə bilərik. İlk matçın ikinci hissəsində “Beşiktaş”a göstərdik ki, futbol oynaya bilirik. Rəqib bilməlidir ki, itirəcəyimiz heç nə yoxdur və diqqətli olmalıdır”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54