Adrian Mutu: “Sabah meydançada 100 faiz gücümüzü qoymağa hazırıq”
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlər əmin ola bilərlər ki, sabah meydançada 100 faiz gücümüzü qoymağa hazırıq”.
Sonra Filip Ozobiç açıqlama verib: “Sabahkı matçı səbirsizliklə gözləyirik ki, yaxşı oyun nümayiş etdirək”.
Daha sonra Adrian Mutu media nümayəndələrinin suallarını cavablandırıb: “Mən “üç gündən bir oynamağa hazır deyilik” deyəndə komandanın fiziki durumunu nəzərə alıram. Təbii ki, üç gündən bir oynamağa hazır olmaq, yaxşı çıxış etmək üçün geniş heyətə malik olmalısan. Futbolçuların yorğun olduqlarına baxmayaraq, biz “Kəpəz”lə matçda qələbə qazanmalıydıq. Yorğunluq səbəb deyil ki, biz onun arxasında gizlənək. Müdafiənin sağ cinahı üçün Ervin Koffini transfer etmişik, amma təəssüf ki, o, ilk oyunda gözlənilmədən zədələndi. Bu müddətdə daha bir neçə futbolçu ilə transfer danışıqları gedir. Hər mövqedə rəqabətin artması üçün transferlər etmək istəyirik. Bu, komandanın xeyrinə olacaq. Amma ölkə çempionatında limit var deyə, 4 nəfər yerli oyunçu olmalıdır. Bunları nəzərə almağa, bütün futbolçulardan istifadə etməyə çalışırıq. Rəqibin necə komanda olduğunu bilirik, baş məşqçini, futbolçuları tanıyırıq. “Beşiktaş” öz ölkəsinin, biz də öz ölkəmizin böyük komandasıyıq. Avropa arenasında bu cür oyunlarda hər şey baş verə bilər. “Neftçi”nin hər məğlubiyyəti komanda üzərində təzyiq yaradır. Azarkeşlər də başa düşməlidirlər ki, biz hazırda güclü komanda qurmaq istəyirik. İndiki “Neftçi” mən istədiyimin heç 60 faizi deyil. Yəni istədiyim komandanın 60 faizini qurmuşam. Transferdə gecikmələr var, üstəlik, bir az da bəxtimiz gətirmədi. Ömər, ardınca isə Eddi zədələndi. Onlar bu oyunlarda bizə kömək edə bilməyəcəklər. Buna görə də hamıdan bir az səbrli olmağı xahiş edirəm. İstədiyimiz heyəti, daha güclü “Neftçi” quracağıq. “Beşiktaş”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Reallığa nəzər yetirsək, “Neftçi” hazırda qurulmaq dönəmində olan komandadır. Biz də hər oyunda qalib gəlmək istəyirik, amma vəziyyətə real baxıb bir az səbrli olmalıyıq. Rumıniya çempionatından cəmi iki futbolçu transfer etmişəm. Sırf Rumıniya bazarına nəzər yetirmirəm, mənim üçün əsas odur ki, gətirdiyimiz futbolçu “Neftçi”yə faydalı olsun”.