Mert Çelik: “Hər dəfə Mertin keçən həftədən daha yaxşı olduğunu göstərməyə çalışıram”
“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib. Özünü daha çox inkişaf etdirmək istədiyini bildirən futbolçu vərəqə limitinə görə “Qəbələ” ilə matçı buraxacağı üçün məyus olduğunu açıqlayıb:
- Necəsən? Ardıcıl qələbələrdən sonra yəqin ki, həm sənin, həm də komanda yoldaşlarının əhval-ruhiyyəsi daha da yaxşı olar...
- Həm komanda, həm də fərdi olaraq özümü yaxşı hiss edirəm. Kollektivdə hazırda hər şey ailə mühitində olduğu kimidir. Hər kəs bir-birini sevir, bir-birinə hörmət edir və bu uğur gətirir.
- Müdafiədəki etibarlı oyununla yanaşı, bu mövsüm 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olmusan. Bununla bağlı nə deyə bilərsən?
- Hər gün özümü daha çox inkişaf etdirmək istəyirəm. Hər dəfə Mertin keçən həftədən daha yaxşı olduğunu göstərməyə çalışıram. Ümid edirəm, həm komandama, həm də onun yaxşı nəticələr qazanmasına daha çox töhfə verə biləcəm.
- Təəssüf ki, “Sumqayıt”la oyunda sarı vərəqə aldığın üçün cəzalı duruma düşmüsən və “Qəbələ” ilə matçı buraxmalı olacaqsan...
- Həqiqətən də komanda yoldaşlarımı bu oyunda tək buraxacağım üçün çox məyusam. Oynamayanda özümə çox əsəbiləşirəm. İnşallah, bu matçda da qalib gələrik.
- Son oyunlardakı qələbələrdən danışdıq. Bunda havadan asılı olmayaraq stadiona gəlib, komandamızı tribunadan dəstəkləyən azarkeşlərin də rolu böyükdür. Onlara sözün varmı?
- Azarkeşlərimiz bizim ən böyük dəstəkçimizdir. Onların sayəsində ardıcıl qələbələr qazandıq. Azarkeşlərə təşəkkür edir və onlardan mövsümün sonuna qədər dəstəklərini davam etdirmələrini xahiş edirəm. Biz də həm kubok, həm də çempionatda sona qədər mübarizə aparıb, onları sevindirməyə çalışacağıq.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00