Eddi İsrafilov: “Azarkeşlərin dəstəyini hiss edəndə meydana çıxmaq daha da asan olur”
“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun rəsmi saytına müsahibə verib. Komandamızın hər oyuna qələbə üçün çıxdığını deyən futbolçu azarkeş dəstəyinin vacibliyini bildirib:
- “Neftçi”nin heyətində artıq 5 rəsmi oyunda meydana çıxmısan. Təəssüratların necədir?
- Uyğunlaşma prosesi normal gedir. Oyundan oyuna özümü daha da yaxşı hiss edirəm. Çox yaxşı insanlardan ibarət gözəl kollektivimiz var.
- Azərbaycan Kubokunda yarımfinala yüksəlməklə yanaşı, “Keşlə” və “Sabah”la çempionat matçlarını da qalib başa vurmuşuq. Bu qələbələrdə, xüsusilə son görüşdə sənin böyük əməyin oldu.
- Bu qələbələr məni çox sevindirir. Hər birimiz qalib gəlmək üçün sonadək mübarizə apardıq. Komanda yoldaşlarımdan kiminsə köməyi olmasa, qalib gəlmək mümkün olmaz. Buna görə də bu qələbələrdə hamının böyük əməyi var.
- Qarşıdan “Səbail”lə oyun gəlir. Necə düşünürsən, bu mövsüm artıq iki dəfə məğlub etdiyimiz rəqiblə qarşılaşmadan yenə qalib ayrıla biləcəyik?
- Hər növbəti matça qələbə qazanmaq düşüncəsi ilə çıxırıq. Çünki biz “Neftçi”yik və çox yaxşı komandamız var. Düzdür, bu futboldur və oyun ərzində çox şey ola bilər. Bununla belə, rəqibdən asılı olmayaraq yalnız qələbə haqda düşünürük.
- Göstərdiyin oyunla azarkeşlərin sevimlisinə çevrilirsən. Onlara sözün varmı?
- Azarkeşlərdən xahiş edirəm ki, bir-birimizə dəstək olaraq mübarizəyə davam edək. Axı onların dəstəyi bizim üçün çox vacibdir. Biz birlikdə daha da güclüyük. Azarkeşlərin dəstəyini hiss edəndə meydana çıxmaq daha da asan olur.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00