İslam Kərimov – 55
Bu gün “Neftçi” Futbol Akademiyasının məşqçisi – 13 yaşlı futbolçulardan ibarət komandamızı çalışdıran İslam Kərimovun 55 yaşı tamam olur.
1992-ci il yanvarında “Neftçi”də çalışmağa başlayan İslam Kərimov həmin ilin martında könüllü olaraq cəbhəyə yollanıb və Ağdamda – Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun batalyonunda döyüşüb.
AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 9 dəfə gümüş, 8 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, “Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə “Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə “Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi, 1999-cu ildə isə “Neftci”nin U-14 komandası ilə Danimarkada təşkil olunmuş beynəlxalq turnirdə 41 komanda arasında 2-ci yeri tutub.
UEFA-nın İsveçrə, Bolqarıstan, Rusiya, Türkiyə və İspaniyada təşkil etdiyi seminarlarda iştirak edən İslam Kərimov 2007-ci ildə UEFA-nın A kateqoriyasına sahib çıxıb, 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb. 2019-cu ildə “Qarabağ müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunub. Müharibə veteranı kimi prezident təqaüdçüsüdür.
Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə “Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Premyer Liqada və 1-ci Divizionda çıxış etmiş 70 futbolçu onun yetirməsidir. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in “Fəxri fərman”ı ilə mükafatlandırılıb.
“Neftçi” ailəsi adından İslam müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür və daha böyük uğurlar arzulayırıq!