Namik Ələskərov əməliyyat olunacaq

22 iyul 2021, 18:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu ilə dünən keçirilmiş ilk matçın 43-cü dəqiqəsində rəqib futbolçudan üzünə zərbə alan Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib. Komandanın baş həkimi Şaiq Zöhrablı bu haqda klubun rəsmi saytına açıqlama verib:

“Oyun vaxtı aldığı zədə ilə əlaqədar Namikə əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr oldu. Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra Namik bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi. Həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar ümumi olaraq bu nəticəyə gəldik ki, hazırda Namikin vəziyyəti ilə əlaqədar əsas problem olan hissə əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədardır. Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namik komanda ilə məşqlərə qoşulacaq”.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namik Ələskərov bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə hər iki oyununda qola imza atıb.