Samir Abasov: “Komanda gücləndikcə, daha yaxşı olacağıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tbilisi) klubu ilə cavab matçından sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb:
“Azarkeşlərimiz üçün çox darıxmışdıq. Onlar da sağ olsunlar, əllərindən gələn dəstəyi elədilər, bizi tək qoymadılar. Bu möhtəşəm idi. Futbolçular ayrı-ayrılıqda sağ olsunlar. Fasilədən sonra ağır oyunlara çıxmaq çətin və həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlarda yaxşı oynadılar, bəzi epizodlar isə ürəkaçan olmadı. Amma əminəm ki, bu, oyundan-oyuna yaxşılaşacaq. Komanda gücləndikcə, daha yaxşı olacağıq. Azarkeşlərimizi də təbrik edirik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Bəlkə də ilk matçdakı nəticə bizi ehtiyatlı oyuna vadar etdi ki, tələsməyək. Amma qol buraxandan sonra həm oyunu xilas etməyə, həm də uduzmamağa çalışdıq. Bugünkü matçı kimlərə görə, niyə oynamalı olduğumuzu uşaqlara dəfələrlə demişdik. Onlara bir az gec çatsa da, əsas nəticə idi ki, onu da əldə edə bildik. Harramiz universal futbolçudur. Bundan əvvəlki komandasında həm yarımmüdafiənin sağ cinahında, həm də hücumda oynamışdı. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Ehtiyat skamyamız sıxdır deyə, gücə güc qata bilmirik. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Bu, Harramizlə bağlı deyil. Oyunlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı biləcəyik. Ümid edək ki, “Olimpiakos” da bəzi epizodları bizə bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bayaq zarafat elədim, bu cür şansları yunanlar bizə yüz faiz bağışlamayacaq. Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu rahatlaşdırsın. Rəqib hücum edəndə, komandamızın daxilində təşviş yaranırdı. Bu da avrokubok oyunu ilə bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. “Olimpiakos”la oyuna heç bir sirr saxlamamışıq. Açıq deyək, “Olimpiakos” onlara qarşı “bir nömrə”də oynamağa imkan verməyəcək, məcburən “iki nömrə”də oynayacağıq. Etdiyimiz səhvlər bunun üzərində durmaq baxımından önəmli oldu. Transferlərdə gecikməyimizin səbəbi, istədiyimiz oyunçuları götürə bilməməyimizdir. 5 nəfərə yaxın futbolçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Hücumçu, 1-2 vinger, dayaq yarımmüdafiəçi, sol müdafiəçi mövqeyinə oyunçu istəyirik. Yeni transferlərdən, hətta 30 faiz hazır olsa da, məcburən meydana buraxacağıq. Bəli, hazırda Yunanıstanda çempionat getmir və bu baxımdan çox pozitivəm. Düşünürəm ki, “Dinamo” ilə oyun daha çətin idi, “Olimpiakos”la bu qədər çətin olmayacaq. “Neftçi” qələbə qazandı. Mən “super komanda” deyəndə, az qala “Neftçi”dən çıxartdırırdınız. Bu gün mərhələ adlamışıq. Oyunun gedişində matçı bir kənara qoyub, köməkçilərimlə meydanın ot örtüyünü müzakirə edirdik. Bu haqda ciddi danışığımız olacaq. Oyunçular gedə-gedə sürüşürdülər, ot yerindən çıxırdı. Bir meydanımız var, onun da yaxşı olmasını istəyirik. Bu barədə rəhbərliklə danışacağıq. Transfer etmək istədiyimiz mövqeləri deyəndə, qapıçını unutdum. Qapıçı bir az uzaqdadır deyə, yadımdan çıxdı. Doğrudan da, qapıçı da lazımdır. Bu haqda düşünürük”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26