“Neftçi” PFK ilə AVIS arasında tərəfdaşlıq müqaviləsi bağlanıb
“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla beynəlxalq avtomobil kirayəsi şirkəti “AVIS”in ölkəmizdəki təmsilçisi “Otokoç Azərbaycan” MMC arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib və ilkin olaraq 1 illik müqaviləyə imza atılıb.
Razılaşmaya əsasən, bu müddətdə qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. “Neftçi” PFK isə şirkətin “AVIS” markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunlarını və məşqlərini etdiyi meydança kənarlarında, sosial media səhifələrində, “Neftçi TV”də reklam edilməsini təmin edəcək və digər marketinq xidmətləri göstəriləcək.
Qeyd edək ki, 1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Set Oto LTD.” adı altında “Koç Holdinq”in törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlayıb. Bu gün Otokoç AVIS və/vəya BUDGET brendlərini 8 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Kuzey Kıbrıs Türk Cumhuriyeti ve Kuzey Irak) təmsil edir. 15 aprel 1997-ci ildə “AVIS Azərbaycan bazarına daxil olub. Gəlişi ilə bərabər, özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1200 ədəd nəqliyyat vasitəsilə AVIS Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə yanaşı, yeni brend maşınlar, eləcə də bu yolla 24 illik təcrübəsi ilə təhlükəsizlik və məmnuniyyəti də təqdim edir.