"Neftçi"nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram"
"Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane klubun rəsmi saytına müsahibə verib. Təlim-məşq toplanışını dəyərləndirən 22 yaşlı qvineyalı futbolçu onun üçün "Neftçi”də ən yaddaqalan hadisə ilə bağlı da danışıb.
- Bu artıq sənin "Neftçi”nin heyətində qatıldığım üçüncü təlim-məşq toplanışıdır. Təəssüratların necədir?
- Bundan əvvəlki toplanışların ikisi də fərqli olub. Hər iki hazırlıq prosesi yaxşı təşkil olunmuşdu. Hazırkı təlim-məşq toplanışımız da çox yaxşı davam edir. Toplanışdan-toplanışa daha da inkişaf etdiyimi hiss edirəm.
- Artıq bir ildən çoxdur "Neftçi”dəsən. Sənin üçün burada ən yaddaqalan hadisə hansı olub?
- Mənimçün "Neftçi”də bu günədək ən yaddaqalan hadisə Tula "Arsenal”ı ilə Avroliqa oyunlarıdır. Hər iki matçı yüksək səviyyədə keçirdik. Çox güclü rəqibə qarşı gözəl oyun nümayiş etdirərək qalib gəldik. Bu mənim karyeramda ən yaddaqalan hadisə olub. Çünki özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı oldum ki, nəticədə növbəti mərhələyə adladıq. Bundan əlavə, "Qarabağ”la qolsuz heç-heçə ilə nəticələnmiş matçı da yaddaqalan hesab edirəm. Çox yaxşı oynamışdıq. Qalib gəlməsək də, qələbəyə layiq idik.
- Adətən, deyirlər ki, toplanış çərçivəsində keçirilən sınaq matçlarındakı nəticələr vacib deyil. Bəs sən necə düşünürsən?
- Hazırda komanda şəklində toplanışdakı ilk yoxlama oyununa hazırlaşırıq. Çox şadam ki, bu hazırlıq yüksək əhval-ryhiyyədə keçir. Həm komanda yoldaşlarım, həm məşqçi heyəti, həm də klubda çalışanlar işlərinə çox yaxşı kökləniblər. Bu da məni çox sevindirir. Sınaq matçlarının hər biri bizim üçün çox vacibdir. Çünki belə oyunlarda səhvlərimiz üzə çıxır və onların üzərində işləyirik. Yoxlama görüşləri komanda halında inkişafımıza da fayda verir.
- "Neftçi”yə gəldiyin ilk gündən azarkeşlər sənin komandadakı vəziyyətinlə maraqlanıblar. Onlara sözün varmı? Ümumiyyətlə, komandanın əsas üzvlərindən birinə çevriləcəyini təsəvvür edirdin?
- "Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı. Mənə inandıqları üçün əvvəlcə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki bunadək vətənimdən başqa ölkədə futbol oynamamışdım. Buna ilk dəfə "Neftçi” ilə nail oldum. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildirirəm. Onların dəstəyini daim hiss etmişəm. Fanatlarımız hər oyunda həm komandanı, həm də məni dəstəkləyiblər. Bu məni həm çox sevindirir, həm də daha yaxşı oynamaq üçün ürəkləndirir. "Neftçi”nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram. Azarkeşlərimizin də dəstəyi ilə buna nail olmağa çalışacağıq.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00