“Neftçi” – “Sabah” matçı Zirə İdman Kompleksinin stadionunda keçiriləcək
Misli Premyer Liqasının 3-cü turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Sabah" qarşılaşmasının təşkil ediləcəyi stadion dəyişdirilib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena"da yox, Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.
Ölkəmizi UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək "Zirə" avrokuboklarda ev oyunlarını "Liv Bona Dea Arena"da keçirdiyindən, stadionun qazonunun yüklənməməsi üçün "Neftçi" PFK və Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.
Qəsəbə təmsilçisi "Neftçi" PFK-nın ev oyunu üçün Zirə İdman Kompleksinin stadionunu təklif edib. Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan klubumuz "Zirə"nin avrokubok matçına daha yaxşı hazırlaşması üçün təkliflə razılaşıb.
Avqustun 18-i, saat 20:30-da start götürəcək "Neftçi" - "Sabah" oyunu Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və arenaya giriş sərbəst olacaq.