“Neftçi” PFK ilə “Maximus” MMC arasında sponsorluq müqaviləsi bağlanıb
“Neftçi” Peşəkar Futbol Klubu ilə “Maximus” MMC şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. Bununla əlaqədar “Neftçi Arena” stadionunun konfrans zalında baş tutan imzalanma məramisində tərəflər 1 illik müqavilə bağlayıblar. Anlaşmaya “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov və “Maximus” MMC-nin təsiscisi Elnur Kosayev imza atıblar.
Razılaşmaya əsasən, “Aqua Life” markalı mineral suları ilə komandalarımızın su təminatı qarşılanacaq. Əvəzində isə əsas komandamızın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Aqua Life”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.
Qeyd edək ki, “Maximus” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunub. Cəmiyyət yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurub və bu günə qədər də bunu uğurla davam etdirir. Eyni zamanda, şirkət yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirir. Təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunun ərazisində “Maximus” MMC təbii mineral süfrə sularının qablaşdırılması fabrikini qurub. Qablaşdırılan təbii mineral süfrə suyunun qaynağı yerləşən ərazi şirkətə məxsus olmaqla hər cür ekoloji çirklənmələrdən qorunur. Hal-hazırda “Aqua Life” markaları ilə istehsal edilən mineral süfrə suları Azərbaycanda və yaxın MDB dövlətlərində böyük şöhrət qazanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Labarator yoxlamaları əsasında “Aqua Life” mineral süfrə suları hidrokarbonatlı, kalsiumlu-natriumlu təbii mineral süfrə suyu kimi öz təsdiqini tapıb. Həmçinin “Aqua Life” mineral süfrə suyundan maddələr mübadiləsinin pozulması, xroniki qastrid, şəkərli diabet, öd kisə daşlaşması kimi hallarda daimi istifadə etmək tövsiyə olunur.