Adrian Mutu: “Təbii ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır”

2 avqust 2023, 19:29

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Baş məşqçinin fikirləri belə olub: “Artıq rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi çətin oyun gözləyir, bunu dərk edirik, amma təbii ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır”.

Sonra Emin Mahmudov açıqlama verib: “Baş məşqçimizin də dediyi kimi, Bosniya klubunu daha yaxından tanıdıq. İnşallah, öz oyunumuzu göstərək ki, qələbə qazanaq”.

Daha sonra kapitan media nümayəndələrinin suallarını cavablandırıb: “Əsas odur ki, mərhələni biz adlayaq, sonra kiminlə oynayacağımız fərq etməz. Hazırda əsas məqsəd sabah qələbə qazanmaqdır. Biz rəqibə öz oyunumuzla cavab verməliyik. Hesabda önə keçəndən sonra vaxt aparmaq haqda düşünmürük. Belə şeyləri xoşlamıram, bu bizə qarşı olunanda da xoşuma gəlmir. Ümumiyyətlə, belə hallarda temp aşağı olur ki, bu da arzuolunmazdır. Çalışacağıq yaxşı oynayıb qalib gələk. Hər məşqə var gücümüzlə çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Əlimizdən gələni edəcəyik ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün istəkliyik, motivasiyalıyıq”.

Ardınca Adrian Mutu suallara cavab verib: “Əlbəttə, keçirəcəyim ilk ev oyunu olduğu üçün həyəcanlıyam. Təbii ki, ev matçlarına növbəti mərhələ adlamaqla start vermək istəyirəm. Arzu edirəm ki, azarkeşlər tribunaları doldurub komandaya sonadək dəstək versinlər. Onlara söz verə bilərəm ki, “Neftçi”nin uğur qazanması üçün hər oyun 200 faiz gücümüzü verməyə hazırıq. Sabah da eynisini verəcəyik ki, qələbə qazanıb mərhələ adlayaq. Məni narahat edən yeganə məsələ komandamın çıxışıdır, rəqibin baş məşqçisi əsəbidirsə, bu mənim problemim deyil. Azarkeşlərin yaradacağı atmosfer futbolçulara iki cür təsir edə bilər. Oyuna yaxşı başlasaq, bu bizə müsbət, pis başlasaq, mənfi təsir edə bilər. Düşünürəm ki, bizə yalnız müsbət təsiri olacaq. “Neftçi” böyük tarixə malik klubdur. Əsas məqsədlərimizdən biri də odur ki, daha çox azarkeşi stadiona cəlb edək, komandaya dəstək olsunlar. Onları buna vadar edən şey komandanın göstərdiyi oyundur, nəticələridir. Biz də çalışacağıq ki, oyunumuz və nəticələrimizlə buna nail olaq. Məncə, Rəhman Hacıyev Bosniyada işini layiqincə yerinə yetirdi. Mənim üçün əsas və əvəzedici heyət oyunçusu kimi bir anlam yoxdur. Heyəti futbolçuların məşqlərdə həftəboyu göstərdiyi performansa görə müəyyənləşdiririk. Yəni Rəhman belə davam etsə, start heyətində yerini möhkəmlədə bilər. Hər bir futbolçuya şans verəcəyəm. Hazırda əlimdə olan futbolçuların hamısının oyunundan razıyam, şayiələrə fikir vermək lazım deyil. Məşqlərimiz çox yaxşı gedir. Bunu səfərdə vurduğumuz son dəqiqə qolu ilə də sübut etdik. Əvvəlki “Neftçi” ilə müqayisədə fiziki cəhətdən indi daha yaxşı səviyyədəyik. Düşünürəm ki, oyundan oyuna daha da yaxşı olacağıq, məqsədimiz budur. Yeni cəlb olunmuş transferlərdən razıyam. Çünki bütün bu keçidlər sırf mənim istəyimlə baş tutub. Andre Şinyaşikinin necə oyunçu olduğunu bilirəm, amma iki gün əvvəl gəldiyi üçün indi onun haqqında heç nə deyə bilmərəm. Bu gün bizimlədirsə, deməli, onu bəyənmişəm. Bundan sonrakı transferlərin də komandaya kömək edəcəklərinə ümid edirəm. Bakını çox bəyənirəm, çox gözəl şəhərdir. Burada insanlar mənimlə çox yaxşı davranırlar. Mətbəxiniz də çox dadlıdır. Saldanyaya gəlincə, o, komandanı uyğunsuz bir vaxtda tərk etdi, amma bir futbolçunun ürəyi və beyni komanda ilə birlikdə deyilsə, bizə belə bir oyunçunu burada saxlamaq lazım deyil”.