“Neftçi” “Srvena Zvezda” ilə qarşılaşıb
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Matç TV Kuboku”nda növbəti oyununu keçirib. “Ağ-qaralar” “Smena” stadionunda “Srvena Zvezda”ya məğlub olub – 0:4. Qolları Mirko İvaniç (9-cu dəqiqə), Stefan Mitroviç (17-ci dəqiqə), Osman Bukari (45-ci dəqiqə) və Yovan Şlyiviç (81-ci dəqiqə) vurublar.
Qeyd edək ki, “Matç TV Kuboku”ndakı ilk matçında “Zenit”ə məğlub olan (1:3) komandamız sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək. Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.