Sankt-Peterburq toplanışının 8-ci günü
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir. Flaqman toplanışın 8-ci günündə bir məşqlə kifayətlənib. Bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində “ağ-qaralar”la yeni müqavilə bağlayan kapitan Emin Mahmudov da iştirak edib. Bakıya qayıdıb sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da müayinə olunan Aqil Məmmədovun olmadığı məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Sankt-Peterburq” otelində məskunlaşan komandamız iyulun 1-də “Matç TV Kuboku”ndakı ilk oyununda “Zenit”lə qarşılaşıb (1:3). Flaqman iyulun 8-i Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fenerbahçe” klubu ilə üz-üzə gələcək. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.