“Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilən mini-futbol turniri başa çatıb
2023-cü il aprelin 29-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Neftçi Peşəkar Futbol Klubunun və “Neftçi İdman Klubu” İctimai Birliyinin dəstəyi ilə neft-qaz və neft-kimya müəssisələri arasında keçirilən mini-futbol turnirinin final oyunu keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində mini-futbol turnirindən bəhs edən videoçarx nümayiş etdirilib, daha sonra turnirin final qarşılaşmasına start verilib.
Bakı Tennis Akademiyasında keçirilən final oyununda “SOCAR Downstream Management” MMC-nin və "Suraxanı Oil" Əməliyyat Şirkətinin komandaları üz-üzə gəliblər. Qarşılaşma “SOCAR Downstream Management” MMC komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Üçüncü yer uğrunda qarşılaşmanın və final oyununun nəticələrinə uyğun olaraq “BOS Şelf” MMC turnirdə 3-cü yerə, "Suraxanı Oil" Əməliyyat Şirkəti 2-ci yerə, “SOCAR Downstream Management” MMC isə 1-ci yerə sahib olub. Komandalar mükafat, diplom və medallar, həmçinin turnirin ən məhsuldar oyunçusu, ən yaxşı futbolçusu və ən yaxşı qapıçısı mükafat və diplomlarla təltif ediliblər.
Qaliblərə mükafatlar SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları Emin Mahmudov, Azər Salahlı, Aqil Məmmədov, Kenni Sayef və Kilan Lebon tərəfindən təqdim olunub.